Polina Rəhimova milliyə dönüşün səbəbini açıqladı
20.07.2023 - 14:59
Polina Rəhimova milliyə dönüşün səbəbini açıqladı

“Üç ildən sonra milli komandaya geri döndüm. Avropa çempionatında uğurlu nəticə qazanmaqda komandaya kömək etmək üçün yenidən buradayam”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova deyib.

Uzun fasilədən sonra yığmaya qayıdan hücumçu komanda ilə təlim-məşq toplanışına qatılıb. O, Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında geri dönməsinin səbəbini açıqlayıb: “Federasiyada rəhbərlik dəyişib. Yeni rəhbərlik mənə etimad göstərdi, bu il yarışda çıxış etmək üçün milliyə dəvət etdi. Mayda cərrahiyyə əməliyyatı keçirmişdim, hazırda özümü yaxşı hiss edirəm. Bacardığım qədər komandaya kömək etməyə çalışacağam, yaxşı nəticə göstərmək üçün əlimdən gələni edəcəyəm. Məqsədimiz mümkün qədər yaxşı nəticə göstərməkdir”. 

Polina qarşıdakı qitə çempionatına da toxunub: “Avropa çempionatında oyunlarımıza bir ay vaxt qalıb. İlk qarşılaşmamız avqustun 18-də olacaq. Hazırda Bosniya və Herseqovinadayıq. Burada bir neçə yoldaşlıq oyunu keçirəcəyik. Sonra Bakıya qayıdacağıq və yenə hazırlıq matçlarımız olacaq. Daha sonra Sloveniyanın Maribor şəhərinə gedəcəyik. Orada Avropa çempionatı öncəsi son hazırlığımızı keçib, yoldaşlıq oyunları da oynayıb, heyəti tam formalaşdırıb yarışa hazır olacağıq. Məşqçimiz bir neçə oyun variantı üzərində çalışır. Bu da bizə son taktikalarımızı müəyyənləşdirməyə kömək edəcək. Bizi dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. Yenidən milli komandaya qayıtdığım üçün fanatların bu qədər sevinməsinə görə də çox şadam. Çox adam mənə yazdı, dəstəyini bildirdi. Bu isti qarşılanmaya görə hər kəsə təşəkkürümü bildirirəm, çox sağ olun. Hər kəsi oyunlara baxmağa dəvət edirəm, gəlin, bizə dəstək olun. Azərbaycan voleybolunu birgə inkişaf etdirək”.

Qeyd edək ki, avqustun 15-dən sentyabrın 3-dək keçiriləcək qitə çempionatı 4 ölkədə - Belçika, Estoniya, Almaniya və İtaliyada keçiriləcək.

0