“Təhsil” ardıcıl ikinci dəfə Azərbaycan çempionu oldu - FOTOLENT
16.04.2023 - 14:55
“Təhsil” ardıcıl ikinci dəfə Azərbaycan çempionu oldu - FOTOLENT

Kişi voleybolçular arasında Azərbaycan çempionatında I Liqada 2022/2023 mövsümünə yekun vurulub. 

Apasport.az saytının məlumatına görə, Voleybol Mərkəzində baş tutan final qarşılaşmasında “Express” və “Təhsil” klubları üz-üzə gəliblər.

Beynəlxalq dərəcəli hakim Zaur Hacıyev və Eldar Zülfüqarovun idarə etdiyi görüş “Təhsil”in üstünlüyü ilə başlayıb. Orxan Kərimovun rəhbərlik etdiyi kollektiv ardıcıl hücumlar sayəsində ilk setdə rəqibi çətin duruma salıb. Bunun nəticəsində “Express”in baş məşqçisi İntizar Məmmədova hesab 2:7 olarkən taym-aut götürmək məcburiyyətində qalıb. Lakin onun yetirmələrinə verdiyi məsləhətlər komandasına kömək etməyib. Hissənin gedişində fərqi 8 topa (16:8) çatdıran “Təhsil” seti elə eyni fərqlə aktivinə yazıb – 25:17. 

İkinci set xalaxal prinsipi ilə start götürüb. Lakin dəqiqələr ötdükcə yenidən “Ekspress” səhvləri nəticəsində geri düşüb. Komandanın baş məşqçisi hesab 7:11 olarkən taym-auta əl atıb. İntizar Məmmədovanın cəhdləri bu dəfə də bəhrəsini verməyib. “Təhsil” inamlı oyun sayəsində hissəni 25:14 hesabı ilə öndə bitirib. 

Üçüncü set isə sonuncu olub. “Ekspress” fərqi azaltmağa yaxın olsa da, bunu bacarmayıb. Hər 2 baş məşqçinin 2 dəfə götürdüyü taym-autdan sonra gah onlar, gah da “Təhsil” önə keçib. Lakin gərgin keçən hissənin (32:30) yekunda daha səhvsiz oynayan Orxan Kərimovun komandası finalın hesabını müəyyənləşdirib – 3:0. 

Beləliklə, həlledici qarşılaşmada “quru hesabla” qalib gələn “Təhsil” ardıcıl ikinci dəfə I Liqanın qızıl medallarına yiyələnib. Finalda uduzan “Ekspress” ikinci yerlə kifayətlənib. Bürünc medallar isə üçüncü yer uğrunda matçda “Kapitalist”ə 3:0 hesabı ilə qalib gələn “Hərbi İnstitut"a qismət olub. 

“Təhsil”in təsisçisi, eyni zamanda baş məşqçisi Orxan Kərimov çempion olduqdan sonra apasport.az saytına açıqlamasında bildirib ki, final qarşılaşması çox maraqlı alınıb: “I Liqanın oyunları çox yüksək səviyyədə təşkil olunub. Final görüşü də gərgin alındı. Komandamız mövsümdə 9 oyun keçirdi və heç birində bir set belə uduzmadı. Marafonu yenə 3:0 hesablı qələbə ilə başa vurduq”. 

Onun sözlərinə görə, növbəti hədəf çempion kimi mübarizəni Yüksək Liqada davam etdirməkdir. Lakin bununla bağlı qərar yaxın vaxtlarda veriləcək. 

“Təhsil”in kapitanı, təcrübəli voleybolçu Ziya Rəcəbov çempion olmalarını komandalarının güclü olması ilə əlaqələndirib: “İlk iki seti rahat qazansaq da, üçüncü hissə çətin keçdi. Yekunda təcrübə köməyimizə gəldi. “Ekspress” gənclərdən təşkil olunub və növbəti oyunlarda onlara uğurlar arzulayıram. Ümid edirəm ki, federasiya rəhbərliyində dəyişikliklərdən sonra Azərbaycan voleybolu daha da inkişaf edəcək”.  

Həlledici görüşdən sonra I Liqada medal qazanan qadın və kişi komandaları mükafatlandırılıb və çempionatın bağlanış mərasimi keçirilib.

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov çıxışında ölkəmizdə idmana böyük diqqət və qayğı göstərildiyini vurğulayıb: “Maraqlı oyun keçdi. Azərbaycan voleybolu Avropada, dünyada öz sözünü deyib. Dövlət qayğısı olduğu yerdə hər zaman nəticələr göz qabağında olur. Voleybolun inkişafı üçün hər şeyi ediləcək. Uğurlarımızda azarkeşlərin rolu böyükdür və bundan sonra da onların dəstəyinə ehtiyacımız olacaq”. 

Ardınca komandalar medallar və kubokla təltif edilib. Mükafatları qaliblərə AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayevlə Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə Heyətinin üzvləri Günay Salamova, Elçin Ağakişiyev və Elqar Bağırov təqdim ediblər. 

Qeyd edək ki, qadınların I Liqasında finalda “Azərreyl-2” klubunu 3:1 hesabı ilə üstələyən “Xarı bülbül” qızıl, “Murov-2” kollektivini 3:2 hesabı ilə məğlub edən “Ryuqa” isə bürünc medal qazanıb.

I Liqa (kişilər)
16 aprel
Final
“Təhsil” - “Ekspress” – 3:0 (25:17, 25:14, 32:30)

Hakimlər: Zaur Hacıyev, Eldar Zülfüqarov
 

0