Voleybolumuzun yüksələn dəyəri: "Abşeron" - FOTO
11.11.2023 - 13:44
Voleybolumuzun yüksələn dəyəri: "Abşeron"   - FOTO

Qadın voleybolçular arasında Azərbaycan çempionatında 2023/2024 mövsümün ilk qarşılaşmasında “Abşeron” komandası son ölkə çempionu "Azərreyl” üzərində 3:1 hesablı qələbə qazanıb.

Apasport.az xəbər verir ki, 2017-ci ildə yaranmasına baxmayaraq, yarımada təmsilçiləri çox keçmədən rəqiblərini kölgədə qoymağı bacarıb. 2021/22 mövsümündə ilk 9 turun bütün oyunlarında qalib gələrək çempionatın başa çatmasına 3 tur qalmış ilk dəfə Superliqanın qalibi olub. Eləcə də, “Abşeron” klubu bu mövsüm Respublika çempionatına qələbə ilə start verib.

Mövsümə belə əzmkar başlayan “Abşeron” voleybol klubu bizim də diqqətimizi çəkdi və qərara aldıq ki, komandanın məşq prosesində iştirak edək.

Klubun baş məşqçisi Famil Ağayev məşq prosesində voleybolçularını çempionat oyunlarına əzmkar hazırlayır.

O, açılış oyunundakı qələbədən söz açaraq, builki çempionatın daha maraqlı və gərgin olduğunu deyib:

“Respublika çempionatinda ilk qələbəni qazanmağımız çoxları üçün gözlənilməz idi. Çünki, çempionatın ən güclü klubu “Azərreyl”dir. Sirr deyil ki, heyətində güclü oyunçular var. Lakin, idmanda mütləq komanda şəklində oynamalısan. Həm də rəqibi düzgün analiz etmək çox vacibdir. Biz də “Azərreyl”ə qarşı düzgün taktika qura bildik.

Ötən ilə nisbətən bu il çempionatda böyük fərq var. Klubların sayı 6-ya çıxıb və heyətləri güclənib. Əvvəlki limit götürülüb deyə, komandalara güclü oyunçular dəvət edilib. Həmçinin bu il 6 qadın, 6 kişi voleybol komandası mübarizə aparır”.

Məşqçi bildirir ki, klub olaraq pirinsipcə, yerli oyunçulara daha çox önəm verərək, Azərbaycan voleybolunun inkişaf etməsinə çalışırlar:

“Bugün Azərbaycan voleybolunun inkişafı ilə bağlı istər şəhərdə, istərsə də rayonlarda aşağı yaş qruplarına qədər ciddi işlər gedir, bu da yaxin illərdə öz bəhrəsini verəcək. Azərbaycan Voleybol Federasiyası ölkə voleyboluna hər cür diqqət və qayğı göstərir. Bu fürsəti dəyərləndirib, biz də “Abşeron”un inkişafı üçün əlimizdən gələni edəcəyik. Komandamıza yeni oyunçular gələcək ki, hər ikisi milli komandamızın oyunçularıdır”.

Komandanın gürcü legioneri ilə də həmsöhbət olduq. 3 ildir “Abşeron “da oynayan Mariam Gaprindashvili deyir ki, Gürcüstanda komandalar o qədər də güclü deyil və legioner cəlb etmirlər. Ona görə millidə oynayan qızlar xaricə gedir. Onun özü isə burada qalmaq istəyir:

“Əvvəlkinə baxanda yavaş-yavaş səviyyəmiz qalxır. Çempionata yaxşı başlasaq da, hər rəqibə ciddi yanaşmalıyıq. Zəif komanda səni istənilən oyunda uda bilər, qısacası, hər şey ola bilər. Mən kişi voleybolunu da izləməyi sevirəm. Amma, düşünürəm Azərbaycanda qadın voleybolu daha üstündür. Çempionatda “Azərreyl” və “Gəncə” komandalarını güclü rəqib sayıram”.

2-ci ildir ki “Abşeron” klubunda oynayan Nilufər Ağazadə indiki klubu ilə daha xoşbəxt olduğunu söyləyir:

“Ötən sezona baxanda, bu sezona daha yaxşı başladıq. Ümid edirəm ki, davamlı olar. Gələcəkdə də, razılığa gəlsək , Abşeron”da davam etmək istəyərəm. Famil müəllim kimi məşqçidən bütün qızlar məmnundur. Keçən oyunda mən də düşünürdüm ki, “Azərreyl” çox yaxşı komandadır, çətin olacaq, lakin onlar üzərində qələbə ilə özümüzü doğrultduq. Onlar dünya səviyyəli oyunçular gətirib, güclü komandadır. Həmişə bir voleybolçu kimi, Ayşən Əbdüləzimovaya həsəd aparıb, onun kimi olmaq istəmişəm. İnanıram ki, çempionatda birinci bizim komanda olacaq. Ən çətin rəqib kimi “Azərreyl”i görürdüm, amma onlara qalib gəldiyimizə görə, bundan sonra qorxu yoxdur”.

Komandasından olduqca razı olan İradə Hüseynova da çempion olacaqlarına inanır: “Noyabrın 6-sı açılış oyununda yaxşı çıxış edərək qalib gəldik. Əminəm ki, komandam eyni ruhda davam edəcək və çempionluq bizim olacaq. Klub bizi hər şeylə təmin edir, heç nəyə ehtiyacımız yoxdur. Qadın voleybolunun daha da inkişafı üçün uşaq voleybolunu inkişaf etdirmək, onları hazırlamaq lazımdır. Bununla da, oyunçularımız çempionatda mümkün qədər çox oynayıb, yaxşı nəticə göstərəcəklər”.

2014-cü ildən voleybolda olan Marianna Abueva isə komandasında yerli oyunçular görməklə yanaşı, legionerlərin də təcrübələrindən yararlanmağın inkişaf üçün vacib olduğunu hesab edir:

“Çempionatın ilk oyununda rəqib güclü idi, çünki orda legioner daha çox idi. Qələbə gözlənilməz oldu deyə, daha dadlı gəldi. Düzdür, legionerler komandaya gələndə səviyyə qalxır, amma istərdim ki, komandalarda azərbaycanlı oyunçularımızı daha çox görüm. Məşqçimizdən də, klubdan da razıyam. Lakin, gələcəkdə daha böyük xarici klublardan təklif gəlsə, dəyərləndirmək istəyərəm. Xüsusilə də, ən güclü liqa olan Türkiyə liqasında çıxış etmək istəyərəm. 2014-cü ildən indiyə kimi voleybolda çox dəyişiklik var. Koronavirusdan sonra çox düşüş olsa da, bu ildən başlayaraq çox gücləndik. Düşünürəm, voleybol ölkəmiz üçün çox vacib bir idman növüdür. Liqada keçən il 4, indi isə 6 komandanın olması bizi daha da əzmkarlaşdırdı. Xaricdən oyunçular, güclü məşqçilər gəlib. Həm də bizə - yəni cavan və uşaqlara daha çox diqqət göstərirlər. Mənim üçün vacibdir ki, cavanlara çox önəm verilsin, azərbaycanlı oyunçular inkişaf etsin. Bəzi ölkələrdə, məsələn, Türkiyədə voleybol tamam fərqlidir və oradan təcrübə almaq lazımdır”.

Bax belə, məşq prosesini izlədik, komanda üzvləri ilə söhbətləşdik. Klubdakı əhval-ruhiyyə bizi yaxşı mənada çox təəccübləndirdi. Ümid edirik ki, voleybolumuzun yüksələn dəyəri olan "Abşeron" Azərbaycan voleybolunun inkişafı üçün digər klublara, həmçinin, bu idman növünə marağı olan gənclərimizə böyük stimul olacaq!

Röyanə Oğuz

0