“Azəryol” polşalıları sürprizlə yola salmaq istəyir
25.01.2016 - 15:26
“Azəryol” polşalıları sürprizlə yola salmaq istəyir

Sabah qadın voleybolçular arasında CEV kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmalarına start veriləcək. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində Azərbaycanı təmsil edən “Azəryol” ilk oyun günündə meydana çıxacaq.

 

Ziya Rəcəbovun rəhbərlik etdiyi komanda Polşanın “Muşina” klubunu qəbul edəcək. Görüşün komandamız üçün çətin keçəcəyi proqnozlaşdırılır. Doğma divarlar arasında 3:2 hesabı ilə qalib gələn polşalılar Bakıda da eyni uğuru təkrarlamaq arzusundadılar. Onlar matçda uduzsalar belə cütün taleyini “Qızıl set”ə daşımağı planlaşdırırlar.

 

“Muşina”dan fərqli, “Azəryol”un istəyi məsələni əsas vaxtda həll etməkdi. Rəqibi lazımınca analiz edib, ilk görüşdən nəticə çıxaran komanda qonaqlar üçün sürpriz də hazırlayıb. Evdə məğlubiyyəti sevməyən voleybolçularımız polşalıların qarşısına yeni taktika ilə çıxacaqlar. Ziya Rəcəbov bəzi yenilikləri də məhz bu klubla görüşə saxladıqlarını açıqlayıb.

 

“Lotereya”ya ümid etməyən “Azəryol” 3:0 və ya 3:1 hesabı ilə qalib gələcəyi halda, “Qızıl set”ə ehtiyac qalmayacaq. Əgər komandamız səfərdəki hesabla qələbə qazanarsa, həmin vaxt əlavə hissədə cütün taleyinə aydınlıq gələcək.

 

26 yanvar

CEV kuboku

1/4 final

18:00. “Azəryol” (Azərbaycan) – “Muşina” (Polşa)

Hakimlər: Audrius Qarqasas (Litva), Kristian Eduard Botezat (Rumıniya)

Bakı, “Azərreyl” İdman Bazası

 

İlk oyun: “Muşina” (Polşa) – “Azəryol” (Azərbaycan) - 3:2 (27:25, 18:25, 23:25, 25:23, 15:5)

0