[b]“Azərbaycan çempionundan təklifi aldıqdan sonra düşünməyə ehtiyac görmədim”[/b]
23.09.2016 - 18:47
[b]“Azərbaycan çempionundan təklifi aldıqdan sonra düşünməyə ehtiyac görmədim”[/b]

“Özümü əvvəlki klubumda da yaxşı hiss edirdim. Lakin komandada bir sıra islahatlar aparıldı. Heyətə yerli gənc oyunçular cəlb edildi. Bu üzdən də klubumun “bacısı” hesab olunan “Azərreyl” mənə müqavilə təklif etdi”. Apasport.az saytının məlumatına görə, bunu Macarıstan millisinin voleybolçusu Edina Dobi deyib.

 

29 yaşlı blokçu Bakının “Azəryol” klubunu “Azərreyl”ə dəyişməsinə münasibət bildirib: “Azərbaycan çempionunun təklifi mənim üçün cəlbedici oldu. Çünki Çempionlar Liqasında oynamaq imkanı qazanacam. İndiyədək “Çelenc Cup” və CEV kubokunda oynasam da, qitənin ən nüfuzlu klub turnirində hələ debüt etməmişəm”.

 

Ötən mövsüm Super Liqanın ən yaxşılarından olan Dobi paytaxtımız haqda da xoş sözlər deyib: “Bakıda özümü əla hesab etdiyimdən bu təklifi aldıqdan sonra düşünməyə ehtiyac görmədim. Mən həm də bu klubda çalışanların bəzilərini tanıyıram. Xüsusilə də yeni baş məşqçi Famil Ağayevin gücünə bələdəm. Onun təyinatına görə şadam. Çünki peşəkardı”.

 

Dobi “Azərreyl”in Çempionlar Liqasına zəif heyətlə çıxmayacağını və heyəti daha da gücləndirəcəyinə əmin olduğunu vurğulayıb.

0