[b]“Azərbaycanla matçda sürpriz edə biləcəyik”[/b]
06.05.2016 - 10:27
[b]“Azərbaycanla matçda sürpriz edə biləcəyik”[/b]

“Telekom”un monteneqrolu voleybolçusu Kseniya İvanoviç vətənində müsahibə verib. Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçu Azərbaycan Super Liqasında keçirdiyi mövsümü dəyərləndirib, iyunda start götürəcək Avropa Liqası barədə danışıb.

 

- “Telekom”da keçirdiyiniz 2015/2016 mövsümünü necə dəyərləndirərdiz?

- Azərbaycan Super Liqasında başa çatan il mənim üçün böyük təcrübə idi. Zoran Qayiç kimi dahi məşqçi ilə çalışmaq özü bir məktəbdi. Bundan başqa, Çempionlar Liqasında oynadım. Ümumiyyətlə, Azərbaycanda çıxış edən bütün voleybolçular güclüdü. Onlarla birgə oynamaq ustalıq səviyyəsini artırmağa kömək oldu.

 

- Azərbaycan çempionatının səviyyəsini necə dəyərləndirirsiz?

- Super Liqa çox güclüdü. Orada 4 komanda var ki, onlar həm daxili, həm də beynəlxalq arenada iddialıdı. Düşünürəm ki, mənim komandam keçirdiyi hər oyunda təcrübə toplayıb, inkişaf etdi.

 

- Amma son anda Azərbaycan çempionu ola bilmədiz. Finalda “Azərreyl”ə uduzaraq, gümüş medalla kifayətləndiz. “Qızıl” üçün nə çatmadı?

- Bəli, titul uğrunda həlledici matça kimi irəliləsək də, finalda uduzduq. Təəssüf ki, çempion ola bilmədik. Amma nəticədən məmnunuq. Çempionlar Liqasında iştirak hüququ qazanmışıq.

 

- Son anda əldən verilən çempionluq sizin üçün çox üzücü olmadı ki?

- Biz “qızıl”ı itirmədik, “gümüş”ü qazandıq. Ötən il avqustun 5-dən bir araya gəlib, qələbə və məğlubiyyətlərlə inkişaf etdik. Burada dünyanın ən yaxşı məşqçisi ilə çalışmaq da qismətim oldu.

 

- “Telekom”dakı çıxışınızı necə qiymətləndirərdiz?

- Əvvəl bir qədər çətin idi. Yeni komanda, yeni ölkə... Bütün bunlara uyğunlaşmaq heç də asan olmur. Mövsümün sonunda isə mənə elə gəlirdi ki, uzun illərdi bu qızlarla birgə çıxış edirəm. Təbii ki, enişlər, yoxuşlar da olurdu. Lakin hər qarşılaşmada ən yaxşı oyunumu göstərirdim. Bu üzdən öz çıxışımdan razı qaldığımı söyləyə bilərəm.

 

- “Telekom”la 1 illik müqaviləniz mayın sonunda başa çatır. Gələcək karyeranıza aydınlıq gətirmisizmi?

- Yeni mövsümdə harada olacağımı hələ də bilmirəm. Hazırda təkliflər gözləyirəm. Alacağım təklifləri nəzərdən keçirib, karyeramla bağlı qərar verəcəm.

 

- Yeri gəlmişkən, sizi qarşıda Avropa çempionatı və Avropa Liqası gözləyir. İyunda baş tutacaq sonuncu yarışda Fransa, İspaniya və məhz Azərbaycanla eyni qrupda yer almısız. Bu yarışlar barədə fikirləriniz maraqlıdı.

- Avropa çempionatının seçmə mərhələsində oynayacağımız Litva və Norveç barədə az məlumatımız var. Burada mərhələ adlamaq gücümüzə görədi. I raundda istənilən rəqiblə mübarizə aparmaq iqtidarındayıq. Ümid edirəm ki, zədələr bizə mane olmayacaq və II mərhələyə yüksələcəyik. Avropa Liqası isə daha çətin keçəcək. Turnir komandamız üçün debütlə əlamətdar olacaq. Amma ümid edirəm ki, Azərbaycan, Fransa və İspaniya ilə matçlarda sürpriz edə biləcəyik. Bizim üçün bu turnir çox vacibdi. Proqnoz və vəd vermək çətindi. Yalnız onu söz verə bilərik ki, hər məşqdə, hər oyunda maksimum qüvvəmizi sərf edəcəyik. 

0