[b]“Yaponiyada olsam da, ürəyim Azərbaycandadı”[/b]
05.04.2016 - 11:32
[b]“Yaponiyada olsam da, ürəyim Azərbaycandadı”[/b]

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimovanın apasport.az saytına müsahibəsi

 

- Yaponiya çempionatında mövsüm başa çatıb. Şərəfini qoruduğunuz “Toyota”nın ilk “üçlüy”ə düşməməyini nə ilə əlaqələndirərdiniz?

- Ölkə çempionatı başa çatsa da, hələ “Qara Qartal” kubokuna (Kurowashiki Cup) yekun vurulmayıb. Mövsüm mayda tam başa çatacaq. Mənim komandam 2014/2015 mövsümündə 8-ci yeri tutub. Bu dəfə böyük uğursuzluqlarımız olsa da, sonda oyunumuzu tapıb, “altılığ”a düşə bildik. Bu da “Toyota” üçün böyük addımdı. Hətta ilk “üçlüy”ə düşmək üçün də yaxşı şanslarımız da vardı. 5 oyundan 3-də qalib gəlsək də, ən vacib son 2 qarşılaşmada uduzduq. Öz oyunumdan da razı qaldım. Çünki 100 faiz bacarığımı meydanda qoyurdum.

 

- Mükafatçılar sırasında düşmədiyinizə görə qarşınıza qoyduğunuz vəzifənin öhdəsindən gəlmədiyinizi söyləmək olarmı?

- Fikrimcə, biz hədəfimizə nail olub, “altılığ”a düşdük. Bununla da komandanı güclülər dəstəsində saxladıq.

 

- Yaponiyadakı ilk mövsümü necə dəyərləndirərdiz? Öz çıxışınızdan razısızmı?

- Öz nəticələrimi çox yüksək və yaxşı qiymətləndirirəm. Nəhayət ki, dünya rekorduna imza atdım. Buna çox sevinirəm. Heç də asan olmayan belə bir çempionatda ən yaxşı oyunçuya verilən 3 fərdi mükafata da yiyələndim. Bu da kiçik uğur deyil. Düşünürəm ki, mövsümü əla keçirdim. Əlbəttə ki, komandanın nəticəsi olsaydı, daha yaxşı olardı. Amma hələ şansımız var ki, “Qara Qartal” kubokunu qalib kimi başa vuraq.

 

- Yaponiya mediası sizi çempionatın ən yaxşılarından biri hesab edir. Karyeranızı elə orada qalib, davam etdirməyiniz mümkündümü? Yaxud başqa variantlarınız var?

- Gələcək planlarım haqda fikirləşə bilmərəm. Çünki bütün diqqətimi cari mövsümə yönəltmişəm. Fikrimi qarşıya qoyulan vəzifələrdən yayındırmaq istəmirəm. Mənə olan təkliflərlə menecerim məşğuldu. Karyeramın inkişafı üçün ən yaxşı variantı onunla birlikdə seçəcəyik.

 

- Azərbaycan çempionatını izləyirsizmi?

- Milli üzvlərinin çıxışlarını izləyirəm. Çünki komandamızın inkişafını arzulayıram. Yığmamızdan Avro-2017-də və İslam Həmrəyliyi Oyunlarında qələbə gözləyirəm.

 

- Bu gün Super Liqada final mərhələsinə start veriləcək. “Telekom”la “Azərreyl” qızıl, “Azəryol”la “Lokomotiv” bürünc uğrunda mübarizəyə başlayacaq. Şansları necə dəyərləndirirsiz?

- Fikrimcə, hər şey komandaların özlərindən asılıdı. Onlar oyuna necə köklənsələr, elə də nəticə qazanacaqlar. Klubların hamısına uğurlar arzulayıram. Qoy güclü qalib gəlsin. Vacib olan odu ki, hər şey yaxşı keçsin və heç bir zədə olmasın. Bir də Qarabağdakı vəziyyətlə bağlı fikirlərimi əlavə etmək istərdim. Yaponiyada olsam da, ürəyim Azərbaycandadı, cəbhədəki xəbərləri izləyirəm. Azərbaycan Ordusunu işğal altında olan kəndləri azad etməsi münasibəti ilə təbrik edirəm. Dünyasını dəyişən şəhidlərimizin ölümünə kədərlənir, onların ailəsinə başsağlığı verirəm. Allah rəhmət eləsin! 

0