[b]Azərbaycan və Gürcüstanda keçiriləcək AÇ-2017-in bütün iştirakçıları bilindi[/b]
10.10.2016 - 09:53
[b]Azərbaycan və Gürcüstanda keçiriləcək AÇ-2017-in bütün iştirakçıları bilindi[/b]

Azərbaycan və Gürcüstanın birgə təşkil edəcəyi qadın voleybolçular arasında AÇ-2017-in iştirakçılarının tam siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, həlledici mərhələyə sonuncu vəsiqəni Macarıstan millisi qazanıb.

 

Onlar bu hüquqa III seçmə mərhələdə Rumıniyaya qalib gəlməklə yiyələniblər. Belə ki, vaxtilə “İqtisadçı”nın baş məşqçisi olmuş Jan de Brandtın başçılıq etdiyi Macarıstan yığması səfərdə 0:3 hesabı ilə uduzsa da, evdə 3:1 hesabı ilə qalib gəlib. Nəticədə cütün güclüsü “Qızıl set”lə müəyyənləşib. Macarlar rəqibini 15:13 hesabı ilə məğlub edərək, final mərhələsinə yüksəliblər.

 

Beləliklə, yarışda mübarizə aparacaq 16 komandanın hamısının adına aydınlıq gəlib. Bunlar ev sahibləri Azərbaycan və Gürcüstanla yanaşı, Avro-2015-in mükafatçıları – Rusiya, Hollandiya və Serbiya, həmçinin ilk “beşlik”də qərarlaşan Türkiyə və Almaniya yığmalarıdı. II seçmə mərhələdə onlara İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus qoşulmuşdusa, pley-offda Çexiya, Ukrayna və Macarıstan da “16-lıq”da iştirak hüququ qazandı.

 

Qeyd edək ki, Avro-2017-də Gürcüstanda cəmi 1 qrupun oyunları və 1/4 final matçları baş tutacaq. Digər 3 qrup - biri Quba, ikisi Bakıda olmaqla, Azərbaycanda mübarizə aparacaq. Çempionatın həlledici qarşılaşmaları – yarımfinal və final oyunları da paytaxtımızda gerçəkləşəcək.

0