Bu gün Azərbaycan Voleybol Federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın apasport.az saytına verdiyi məlumata görə, Milli Olimpiya Komitəsində baş tutan tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov qurumun yeni rəhbəri seçilib.
Səs çoxluğu ilə voleybol federasiyasına prezident seçilən Cavid Qurbanov çıxışında qeyd edib ki, voleybol zəruri, ancaq çox çətin idman növüdü: “Qarşıda, 2017-ci ildə Bakıda voleybol üzrə Avropa çempionatının final mərhələsinin püşkatması keçiriləcək. Bu çox məsuliyyətli və mötəbər tədbirə ciddi şəkildə hazırlaşmalıyıq. Təbii ki, məşqçi və digər məsələlərdə də dəyişikliklər olacaq".
Qurbanov bu postda Ziya Məmmədovu əvəzləyib.
İclasda gənclər və idman naziri Azad Rəhimov və digər rəsmilər iştirak ediblər.
Qeyd edək ki, Qurbanov “Azərreyl” voleybol klubunun da prezidentidi.