Qadın voleybolçular arasında Çempionlar Liqasında (ÇL) Azərbaycanı təmsil edəcək 3-cü klubun adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirindəki sonuncu təmsilçimiz Super Liqanın bürünc medal uğrunda keçirilən oyunundan sonra bəlli olub.
Belə ki, ardıcıl 3 oyunda “Azəryol”a qalib gələn “Lokomotiv” yeni mövsümdə də ÇL-də ölkəmizi təmsil etmək hüququna yiyələnib.
Bu mövsüm pley-offa kimi irəliləyən “dəmiryolçular” yeni ildə yarışın təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Çox güman ki, gələn mövsüm “Azəryol” da “Çelenc Cup”da gücünü sınayacaq.
Qeyd edək ki, yeni reqlamentə əsasən, 2016/17 mövsümündən Çempionlar Liqasında təsnifat mərhələsi də olacaq. Burda məğlub olacaq komanda CEV Kubokuna enəcək. “Lokomotiv”ə kimi isə Super Liqanın finalçıları “Azərreyl” və “Telekom” analoji yarışın qrup mərhələsinə vəsiqə əldə ediblər.