Sabah qadın voleybolçular arasında Avropa Liqasında yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, turnirin son matçı Bakıda baş tutacaq.
Final mərhələsinin cavab oyununda Azərbaycan və Slovakiya milliləri üz-üzə gələcək. Öncədən yarışın favoritlərindən olan Faiq Qarayevin yetirmələri səfərdə qazandığı üstünlüyü qorumağa çalışacaq.
İki gün öncə səfərdə rəqibini 3:1 hesabı ilə məğlub edən millimizə çempionluq kubokuna yiyələnmək üçün 2 set lazımdı. Komandamız 2:3 hesabı ilə uduzsa da, turnirin qalibi olacaq.
Əslində bu hesab da inandırıcı görünmür. Yarışda keçirdiyi 9 qarşılaşmada inamlı qələbələr qazanıb, heç kimə 2 set uduzmayan yığmamız səfərdə də göstərdiyi kimi Slovakiyadan da aşkar güclüdü. Qarayevin yetirmələri ardıcıl 10-cu qələbəni qazansa və ya tay-brekdə uduzsa, tarixində ilk titula yiyələnəcək. Belə ki, uzun illərdi Avropanın güclüləri sırasına olan komandamız hələ heç bir titula sahib olmayıb.
Komandamızı bu uğurdan yalnız möcüzə ayıra bilər. Çünki yığmamız uduzsa da, çempionluq kubokuna yiyıələnmək şansını saxlayacaq. Belə ki, qonaqlar 3:0 və ya 3:1 hesablı qələbə qazansa, Avropa Liqasının qalibi “Qızıl set”də bəlli olacaq.
Avropa Liqası
Final mərhələsi, cavab oyunu
3 iyul
18:00. Azərbaycan – Slovakiya
Hakimlər: Giorgio Giani (İtaliya), Helana Geldof (Hollandiya)
Bakı. İdman Sarayı
İlk oyun: Slovakiya – Azərbaycan – 1:3 (19:25; 25:18; 22:25; 20:25)