[b]Türkiyədə Azərbaycan klubunu dağıtdılar[/b]
10.10.2014 - 14:10
[b]Türkiyədə Azərbaycan klubunu dağıtdılar[/b]

Türkiyə mətbuatı Azərbaycan voleybolu ilə bağlı maraqlı iddia ilə çıxış edib. Apasport.az saytının məlumatına görə, qonşu ölkədən olan həmkarlarımız qadın voleybolçulardan ibarət Azərbaycan klublarının dağılma tendensiyasının davam etdiyi qənaətindədilər.


Onların fikrincə, ardıcıl 4-cü dəfə mövsümlərarası fasilə hansısa klubun tarixin yaddaşına köçməsi ilə əlamətdar olur. Həmkarlarımız “Şirvan”, “Bakı” və “Lokomotiv Biləcəri”dən sonra növbənin “İqtisadçı”ya çatdığını düşünürlər. Onlar hesab edirlər ki, digər komandalarla müqayisədə daha iddialı olan və Super Liqada 4 medal qazanan “tələbələr” “universitetdən” xaric olurlar.

Türkiyəlilərin iddialarına əsasən, klubun yeni mövsümdə çempionatda çıxış etməyəcəyi dəqiqləşib. Komandanın sponsoru Şəmsəddin Hacıyevin Azərbaycan İqtisad Universitetinin rektoru vəzifəsindən azad edilməsindən sonra çətin günlər yaşayan “İqtisadçı” fəaliyyətini dayandırmağa qərar verib. “İqtisadçı”nın CEV kubokundan da kənar qalacağı və Bakı təmsilçisini kimin əvəzləyəcəyinə hələ aydınlıq gəlməyib.

Lakin “İqtisadçı”nın meneceri Araz İsmayılov “apasport”a açıqlamasında bu iddianın kökündən yanlış olduğunu bildirib. Onun sözlərinə görə, türkiyəlilərin iddiaları əsassızdır: “Klubumuzda heç bir problem yoxdur. “İqtisadçı”nın fəaliyyətinin dayandırması da həqiqət deyil. Komandamız Super Liqanın yeni mövsümündə də, CEV kubokunda da oynayacaq. Hətta avrokuboklar üçün iştirak ərizəsini də qitə qurumuna təqdim etmişik”.
 

Qeyd edək ki, 2008-ci ildə yaradılan klub 1 dəfə Azərbaycan çempionatının gümüş, 3 dəfə bürünc medalını qazanıb.

 

0