Bakıda məğlubedilməz
14.03.2014 - 11:04
Bakıda məğlubedilməz

Bakı arenası Azərbaycan çempionu “Rabitə” üçün düşərlidir. Apasport.az saytının hesablamalarına görə, təmsilçimizin indiyədək Çempionlar Liqasında yalnız 1 ev oyununda məğlub olub.

 

Belə ki, “Dördlər finalı”nda baş tutacaq həlledici qarşılaşmalar “Rabitə”nin Çempionlar Liqasında azarkeşləri önündə keçirəcəyi oyunlarının sayını 20-yə, qələbə seriyasını 10-a çatdıracaq. İndiyədək təşkil olunan 18 matçdan 17-də qonaqları Bakıdan başıaşağı yola salan çempionumuz qitənin ən nüfuzlu turnirində yalnız “Fənərbaxça”ya uduzub. Bu da 2012-ci il fevralın 22-də II pley-off mərhələsinə təsadüf edib. Həmin vaxt da çempionumuzun voleybolçularının zədələnməsi Türkiyə təmsilçisinin Bakıdan qalib dönməsinə səbəb olmuşdu.

 

Bu yenilgidən sonra 25 ay ərzində “Rabitə”nin qəbul etdiyi bütün rəqiblər ölkəmizi məğlubiyyətlə tərk edib. Ardıcıl 8 ev qələbəsi qazanan təmsilçimiz bu seriyasını 10-a çatdıra bilər. Çünki onlar uğurlu seriya müddətində cəmi 6 set uduzub. Son 8 matçda isə yalnız “Omiçka” (Rusiya) oyunu tay-brekə qədər daşıya bilib. “Rabitə” 18 ev oyunundan tam yarısını da quru qələbə ilə başa vurub.

 

Qeyd edək ki, sabah start götürəcək “Dördlər finalı”nda “Rabitə” ilk oyununu Kazan “Dinamo”suna qarşı keçirəcək. Komandamız finala yüksələcəyi halda “Əczaçıbaş” – “Vakıfbank” (hər ikisi Türkiyə) cütünün güclüsü ilə üz-üzə gələcək.

 

 

0