Füzuli Məmmədov: "Məşqçi bu cür şey deməz"
28.02.2026 - 20:16
Füzuli Məmmədov: "Məşqçi bu cür şey deməz"

Misli Premyer Liqasının XXII turunda "Qəbələ" "Karvan-Yevlax"la qarşılaşıb - 1:1.

Apasport.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Füzuli Məmmədovun mətbuat konfransı keçirilib.

"Çox çətin oyun oldu. Ciddi hazırlaşmışdıq, qalib gəlmək istəyirdik. Meydança bir az sürüşkən idi deyə, bizə çətinlik yaradırdı. Futbolçular meydanda yaxşı vuruşdular. Bizim üçün 1 xal da önəmli idi. Komandamız üçün istənilən xal vacibdir. Qalib də gələ bilərdik, uduza da bilərdik. Hər iki komandaya qarşıdakı matçda uğurlar arzulayıram".

- "Karvan-Yevlax" ən yaxın izləyicisi "Qəbələ"yə uduzmasa da, arada 9 xallıq fərq var. Sizcə, bunun səbəbi nədir?
- Səbəbi zəif oyunlarımızdır, qələbə qazanmamışıq. Mən gələndən sonra bəzi matçlarda yaxşı oynasaq da, məğlub olmuşuq, müdafiədə səhvlər buraxmışıq. İnanın ki, səhvləri aradan qaldırmaq üçün çox çalışırıq. Rəqibi təhlil edirik. Qarşıda matçlar var, çempionat bitməyib. Sona qədər mübarizə aparacağıq. Bilirəm ki, çətin olacaq. Amma məcburuq.

- Futbolçularınız çox vaxt aparırdı. Tapşırığı siz vermişdiz?
- Xeyr. İnanmıram hansısa məşqçi futbolçusuna "yerdə uzan, vaxt apar" tapşırığını versin. Elə şey yox idi. Futbolçudur da, hansısa epizodda güc sərf edir deyə, bərpa olmaq üçün belə şeylər edirlər. Amma məşqçi bu cür şey deməz.