"Sabah" UEFA Çempionlar Liqasının III turunda "Borussiya" ilə qarşılaşıb - 1:2.
Apasport.az xəbər verir ki, matçdan sonra Dortmund təmsilçisinin baş məşqçisi Niko Kovaçın mətbuat konfransı keçirilib.
"Çox vacib qələbə qazandıq, oyundan razıyıq. Yaxşı oynadıq. Xüsusilə hücumdakı üstünlüyümüz qələbədə həlledici rol oynadı. Güclü rəqibə qarşı mübarizə apardıq və qol fürsətlərimizdən istifadə etdik. Komandamdan razıyam".
– Çukvuemekanın performansını necə qiymətləndirirsiniz?
- Özünü yaxşı göstərdiyini siz də gördünüz. Bütün futbolçularım yaxşı mübarizə apardılar. İlk 10 dəqiqədə qapıya beş zərbə endirdik. Müdafiədə də yaxşı oynadıq və rəqibə çox imkan vermədik.
– Müdafiədən hücuma keçid zamanı problemlər yaşadınız?
- Əslində, oyunu hücumda keçirmək istəyirdik. Arxadan oyun quraraq hücuma keçməyə çalışdıq. Futbolçularımız qarşılarına qoyulan tapşırıqları yerinə yetirdilər.
– Komandanız standart vəziyyətdən qol buraxdı. Bu epizodda nəyi daha yaxşı edə bilərdiniz?
- Standart vəziyyətlər bizim üçün problem yaradır. Buna görə futbolçulara xüsusi tapşırıqlar veririk. Həmin epizodda daha yaxşı oynaya bilərdik. Belə vəziyyətlərdə diqqətli olmalıyıq.
– Dünən məşqdən sonra futbolçuların duş qəbul etmədən avtobusa getdiyi bildirilirdi. Problem yaşanmışdı?
- Bəli, birbaşa otelə getdik. Stadionda duş qəbul etmədik.
– Hissələrin əvvəllərində olan pressinq komandanızın əvvəlcədən hazırladığı planın bir hissəsi idi?
- Bəli, bu, planımızın bir hissəsi idi. İlk 10 dəqiqədə qapıya beş zərbə vurduq. İstəyirdik ki, oyunun əvvəlindən öz futbolumuzu oynayaq. Asan rəqibə qarşı mübarizə aparmadıq.
– “Sabah” sizin komandanızla başabaş mübarizə apardı. Azərbaycan təmsilçisindən belə oyun gözləyirdinizmi?
- “Sabah”ı təbrik etmək lazımdır. Komandanın yaxşı məşqçiləri və futbolçuları var. Açığı, təəccüblənmədim. Düşünürəm ki, “Sabah” qarşıdakı oyunlarda da digər rəqiblərinə çətin anlar yaşadacaq.