Qurban Qurbanov: “Ayaks” əvvəlki 5 oyunda edə bilmədiyini bu gün etdi”
11.12.2025 - 00:42
Qurban Qurbanov: “Ayaks” əvvəlki 5 oyunda edə bilmədiyini bu gün etdi”

“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Ayaks”a doğma meydanda 2:4 hesabı ilə məğlub olub.

Apasport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

“Rəqibi təbrik edirəm. Oyundan sonra onların baş məşqçisi öz oyunçularının yanına getdi, ona görə də onu təbrik edə bilmədim. Görüşsəydik, daha yaxşı olardı. Matça gəlincə, futbolçularımdan razı qaldım. Son illərdə belə dinamik, sürətli və bol qollu oyun nadir hallarda olurdu. Sadəcə, bu cür komandalar səhvləri bağışlamır, epizodlardan maksimum istifadə edir. Bura Çempionlar Liqasıdır. Burada istənilən nəticəni gözləmək lazımdır. Elə də oldu. Sanki “Ayaks”ın əvvəlki 5 oyunda alınmayanları bu oyunda alındı. Bu komanda əvvəlki matçlarda uduzsa da, istənilən rəqibdən üstün futbol oynayıb. Bunu demişdim. Biz meydanda döyüşərək uduzduq. Ümid edirəm ki, azarkeşlər də bizim kimi bərabərlik haqda düşünmürdülər. Qələbə istəyirdik. Futbolçulara da bu ruhu vermişdik. Ona görə oyunçularımız hücumda çoxluq yaratmağa çalışırdılar. Azarkeşlərə təşəkkür edirəm. Bu, futbol bayramı idi. Sadəcə, qələbə çatışmadı. Bizə güvəndilər, biz də çalışdıq ki, o güvəni itirməyək. Futboldur, belə nəticələrə hazır olmaq lazımdır. Məncə, hamı oyundan həzz aldı, sadəcə nəticə əksinə oldu".

– “Qarabağ” qələbə istədiyi üçün hesabda öndə olarkən də irəli atılırdı və əks-hücumlardan qol buraxdı?
– Qalib gəlmək istəyiriksə, necə hazırlaşmışıqsa, elə də davam etməliyik. Belə böyük oyunlarda futbolçulara demişəm ki, sona qədər oynamaq lazımdır. “Qol vurduq, müdafiəyə çəkilək” kimi yanaşma yoxdur. “Ayaks” topla yaxşı davransa da, biz risklərə gedirdik. Ona görə qol epizodlarının sayı baxımından bəlkə də bizdə daha çox idi. Nədən razı qaldım? Dünən həmin hücumlara hazırlaşmışdıq və xeyli hücumumuz alındı.

– Bu cür rəqiblər səhvləri bağışlamır. Həmin səhvlər nədən qaynaqlandı?
– 1-ci və 2-ci qollar uzaq məsafədən vuruldu. Orada bir az diqqətsizlik oldu. Digər qolları isə əks-hücumdan buraxdıq. Orada rəqibin ustalığı önə çıxdı. Hücuma çıxanda sonda qollar buraxdıq. Elvin Cəfərquliyev daha diqqətli olmalı idi. Sağ və sol müdafiəçilərimizin üstün tərəfi onların hücumda aktiv olmasıdır. Qapımızda qollar gördük, oyunun sonları idi, bəlkə onlarda yorğunluq var idi. O epizodlarda sürətdə uduzduq.

– Sizcə, 2:1 hesabında Zubirin qaçırdığı epizod həlledici idi?
– Belə epizodlar çox oldu. 1:0-da da imkanlarımız var idi, 2:2-də də. Epizodları saya bilərik, amma rəqib onlardan daha yaxşı istifadə etdi.

– Sonradan oyuna daxil etdiyiniz futbolçulardan nə dərəcədə razı qaldınız? Xüsusilə Nəriman?
– Tam razı qalmadım. Yağışlı hava idi, oyuna sonradan daxil olmaq çətin idi. Sürəti artırmaq istəyirdik. Kaşuk və Nəriman daha dəqiq olsaydı, fərqli nəticə ola bilərdi. İlk dəfə deyil ki, belə addımlar atırıq, sadəcə bu dəfə alınmadı.

– Azarkeşlər deyir ki, Nəriman meydana daxil olanda “Qarabağ”ın hücum xətti zəifləyir…
– Təəssüf ki, Nərimanla bağlı çox müzakirə gedir. Mən özüm bilmirəm onun haqda nə deyim. Hər hansı fikir bildirsəm, bəlkə azarkeşə qarşı çıxmış olaram. Daha yaxşı oynaya bilərdi. Mən futbolçularımın yanındayam, indi də. Kamilo Duran nə qədər sprint etdi, güc sərf etdi, yorulmuşdu. Azarkeşlərin narazılığı barədə xüsusi bir cavabım yoxdur. Nəriman daha yaxşı oynaya bilərdi, eləcə də sonradan meydana daxil olan digər futbolçular. Oyuna kənardan baxanda həzz alırdım. 90 dəqiqə dinamika var idi. Son vaxtlar çox oyun izləmişdik, ÇL matçlarını analiz etmişdik. Bu oyun bəlkə də 3 ən yaxşı oyundan biri idi. Hər iki komanda cəsarətli oynadı, xeyli qol epizodu oldu. Məğlub olduq, deyəcək söz yoxdur.

– “Ayntraxt”la oyundan əvvəl bizim çempionatda 1 həftəlik fasilə olacaq. Bundesliqa isə davam edəcək. Bu, “Qarabağ”a pis təsir edə bilər?
– Ola bilər. Çünki onlar daha yaxşı idman formasında olacaqlar. Çıxış yolumuz yoxdur. Yoldaşlıq oyunları keçirməyi düşünəcəyik. Çempionat oyunlarına hazırlaşacağıq. Futbolçular üçün psixoloji baxımdan da asan olmayacaq. İstirahət vaxtından maksimum faydalanmalıyıq. İlk rəsmi matçımız da “Ayntraxt”a qarşı olacaq.

– Pley-off şanslarınızı necə dəyərləndirirsiniz?
– Futbolçular üzgün idi. Hamımız istəyirdik ki, şansdan maksimum istifadə edək. Meydanda icraçılar onlardır, çox çalışdılar. Paltardəyişmə otağında da çox kefsiz idilər. Vaxtımız olacaq ki, onları yenidən toparlayaq. Hansısa matçlarda necə qələbə qazanmışıqsa, yenə edə bilərik. Pley-off şansımız varsa, maksimum istifadə edəcəyik.

– A komandası 7 xal toplayıb, U-19 komandası isə 6 oyunun hamısında böyük hesabla uduzub. Bu barədə nə düşünürsünüz? Həmin komandadan gələcəkdə A komandaya oyunçu gəlməsi mümkündür?
– Bu, Azərbaycan futbolunun real vəziyyətidir. U-19 komandamızın bu qədər fərqlə uduzması, 4–5 il sonra bu səviyyədə hansı durumda olacağımız barədə narahatlıq yaradır. Bu, bizim üçün böyük təhlükədir. Bəlkə də görünən nəticələr bizi aldadır, amma gələcəyə baxanda fərq getdikcə artır. 4–5 ildən sonra bunun sonunun necə olacağını bilmirəm. Biz “Qarabağ” olaraq şəraitimizi yaxşılaşdırmalı, daha diqqətli olmalıyıq. U-19 komandamızın əksəriyyəti daha cavan idi – 17–18 yaş. İlk dəfə idi belə turnirdə oynayırlar. Amma bu cür klubların futbolçuları beynəlxalq turnirlərdə böyüyə-böyüyə iştirak edirlər. Onların şəraiti bizim Azərbaycan futbolunun ümumi şəraitindən qat-qat üstündür. Bir neçə klubda olmuşam – “Barselona”, “Çelsi”, “Borussiya”nın akademiyalarında. Ümumiyyətlə, müqayisə edilməz. Çalışıb əziyyət çəkməli, pozitiv yanaşmalı, gələcəyə inamla baxmalıyıq. Fərq çox böyükdür.

– Bizim böyüməyimizə ümid yoxdur? 
– “Ümid yoxdur” kimi yanaşa bilmərik. Ümidsiz olsaq, futboldan uzaqlaşmalıyıq. Hər halda çalışıb ən azından onlarla ayaqlaşmaq lazımdır. Biz bir klub olaraq, onlara qarşı mübarizə apara bilirik. Futbol elə səviyyədədir ki, hesablar 4:0, 6:0 olur. Final matçlarında belə 5:0 hesabları olur. Halbuki eyni səviyyədə komandalar qarşılaşır. Biz çox geridə qalmışıq. Onlar gələcəyə böyük yatırımlar edirlər. Avropada böyük klublar bunu edir. Hər halda pozitiv və ümidli olmalıyıq.