Nihat Məmmədli: “Titulu qorumaq üçün əlimdən gələni edəcəm”
03.03.2026 - 14:56
Nihat Məmmədli: “Titulu qorumaq üçün əlimdən gələni edəcəm”

Albaniyanın paytaxtı Tiranada keçirilən reytinq turnirində Nihat Məmmədli (60 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Apasport.az xəbər verir ki, yunan-Roma güləşi üzrə milli komandanın üzvü yarış və gələcək hədəfləri ilə bağlı federasiyanın mətbuat xidmətinə fikirlərini bölüşüb:

“Yarışa çox yaxşı hazırlaşmışdıq. Çəkisalma prosesi rahat keçdi. Uzun müddət yarışlarda iştirak etmirdim deyə çəkisalmada problem yaşamadım. Ona görə də yarış vaxtı özümü çox yaxşı hiss edirdim. Güclü rəqiblər var idi. Amma görünür, mən daha hazırlıqlı idim. Bütün rəqiblərimə qalib gələrək çempion oldum. Nihadla uzun illərdir ki, bir yerdə məşq edirik. Görüşün başa-baş mübarizə şəraitində keçəcəyini bilirdim. Çünki bir-birimizi çox yaxşı tanıyırıq. Belə vəziyyətdə fərqli nəsə etmək çətin olur.

Qarşıdan Avropa çempionatı gəlir. Hədəf bəllidir: çempion olmaq. Bu yarışdakı titul AÇ öncəsi böyük stimul oldu. Öz gücümə inanıram. İnşallah, 3 qat Avropa çempionu olaram. Titulu qorumaq üçün əlimdən gələni edəcəm.

Ötən il qabırğam sındı, gözlərimdə problem yarandı. Şükürlər olsun, indi tam hazıram. Heç bir zədəm, ağrım yoxdur. Avropa çempionatından sonra hədəfim indiyə qədər 60 kq-da medal qazana bilmədiyim dünya çempionatında uğur qazanmaq olacaq”.