Sentyabrın 11–13-də Macarıstanın paytaxtı Budapeştdə yerli Karate Federasiyasının təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında beynəlxalq turnir keçirilib.
Apasport.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Dünyanın 40-a yaxın ölkəsindən 2400-dən çox idmançının qatıldığı yarışda kata və kumite növləri üzrə mübarizə baş tutub. Turnirdə Azərbaycan Karate Federasiyası və FHN İdman-sağlamlıq klubunun birgə uşaq komandası yüksək nəticələrlə yadda qalıb.
Kumite yarışlarında U-8 kateqoriyasında 24 kq çəki dərəcəsində yarışan Çingiz Abbasov keçirdiyi 5 döyüşün hamısını qələbə ilə tamamlayaraq çempion olub. U-14 kateqoriyasında 42 kq çəki dərəcəsində mübarizə aparan Nəzrin Şahməmmədli də 6 qarşılaşmada bütün rəqiblərinə üstün gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Komandanın digər üzvü, U-12 kateqoriyasında 35 kq çəkidə çıxış edən Ramal Şahməmmədli isə 5 gərgin döyüşün yekununda turnirin gümüş medalına yiyələnib.
Qalib gələn idmançılarımıza Macarıstan Karate Federasiyası tərəfindən kubok, medal və xüsusi diplomlar təqdim olunub.