20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak etmək üçün Gürcüstana yola düşüb.
Apasport.az xəbər verir ki, oktyabrın 22-dən 25-dək Rustavi şəhərində təşkil olunacaq yarışda yığmamıza Gökhan Edman rəhbərlik edəcək.
Azərbaycan millisi A qrupunda Polşa və Latviya seçmələri ilə mübarizə aparacaq. B qrupunda isə Estoniya, Gürcüstan, Ermənistan və Ukrayna komandaları yer alıblar.
Reqlamentə əsasən, qrup qalibləri turnirin çempionunu müəyyənləşdirən həlledici qarşılaşmada üz-üzə gələcəklər. Qruplarda ikinci və üçüncü yerləri tutan komandalar isə müvafiq olaraq A2-B2 və A3-B3 oyunlarında yekun sıralama uğrunda mübarizə aparacaqlar.
Turnirin qalibi olacaq komanda 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanacaq. İkinci, üçüncü və dördüncü yerləri tutan yığmalar isə qitə birinciliyinin 2-ci təsnifat mərhələsində iştirak hüququ əldə edəcəklər.