“Fənərbaxça”da baş məşqçi seçimi ilə bağlı maraqlı detal ortaya çıxıb.
Apasport.az xəbər verir ki, son ana qədər klubun yeni baş məşqçisi olmağa ən yaxın namizəd Aykut Kocaman idi. Lakin Kocamanın son anda Aziz Yıldırımla yaşadığı fikir ayrılığı tərəflərin yollarını ayırıb və seçim İsmail Kartaldan yana olub.
Türkiyə mətbuatının iddiasına görə, son görüşdə Kocaman rəhbərlikdən “Rizəspor”un futbolçusu Taha Şahinin transferini istəyib. Bu istək prezident Aziz Yıldırımı özündən çıxarıb. Hətta Yıldırımın Kocamana “10 ildən çox vaxt keçib, amma sən heç dəyişməmisən. Bu düşüncədə qalmısansa, birlikdə işləyə bilmərik” dediyi bildirilir.
Maraqlıdır ki, bu hadisə 2013-cü ildə yaşanan məşhur Holmen transferini xatırladıb. Həmin vaxt Aziz Yıldırım komandaya ulduz futbolçuların transferini istədiyini bildirərək, “Mən Kaka, Arda deyirəm, sən Holmen deyirsən” sözləri ilə Kocamanın transfer siyasətini sərt tənqid etmişdi. Bundan sonra təcrübəli mütəxəssisin klubdakı fəaliyyəti başa çatmışdı.
13 il sonra isə oxşar ssenari yenidən təkrarlanıb. Bu dəfə Taha Şahin transferi ətrafında yaranan fikir ayrılığı Kocamanın “Fənərbaxça”ya dönüşünə mane olub və rəhbərlik son anda İsmail Kartalla razılığa gəlib.