Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Kubokunun mərhələ yarışında iştirak edir.
Apasport.az xəbər verir ki, bu gün qadın sablyaçıların şəxsi yarışında təsnifat mərhələsinə yekun vurulub.
Dünya reytiqində 1-ci srada qərarlaşan Anna Başta mübarizəyə əsas mərhələdən başlayacaq. Digər sablyaçılarımızdan Səbinə Kərimova və Zərifə Hüseynova da əsas mərhələyə yüksəlməyi bacarıb. Qrupda 4 qələbəsi olan Səbinə 64-lüyə yüksəlmək uğrunda keçirilən yarışda meydan sahibi Özbəkistanı təmsil edən meksikalı Paola Plieqoya 15:8 hesabı ilə qalib gəlib. Zərifə isə alman Yulika Funkeni 15:13 hesabı ilə məğlub edərək əsas mərhələdə mübarizə aparmaq hüququ qazanıb.
Anna Başta əsas mərhələdə italyan Sofya Çyaralya, Zərifə Hüseynova fransalı Karolin Keroli, Səbinə Kərimova isə çinli Şao Yaçi ilə qarşılaşacaq.
Qeyd edək ki, digər sablyaçılarımızdan Polina Kaspiaroviç, Sevil Bünyatova və Valeriya Bolşakova qrup mərhələsini uğurla adlasa da, təsnifat mərhələsinin pley-offunda mübarizəni dayandırıb.