Futbol üzrə Birinci Liqa təmsilçilərindən “Qəbələ” Abdullahi Şuaybunun transferini rəsmən açıqlayıb.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı nigeriyalı hücumçu ilə "1+1" illik müqavilə imzalanıb.
"Kəpəz"dən yaxşı tanıdığımız Şuaybu hələ ötən mövsüm az qala futbol karyerasını bitirəcəkdi. Belə ki, mütəmadi keçirilən tibbi müayinədən sonra futbolçunun qanında Hepatit virusu aşkar olunmuşdu.
Bundan sonra bölgə təmsilçisi Şuaybu ilə yollarını ayırmalı olmuşdu.
Bu yaxınlarda yenidən tibbi müayinədən keçən Abdullahın test nəticələri neqativ çıxıb və yeni komandasıyla müqavilə imzalayıb.
Qeyd edək ki, A.Şuaybu bunadək “Saksan” (Moldova) və Gəncənin “Kəpəz” klublarında forma geyinib.
Afrikalı legioner bölgə klubunda keçirdiyi 45 matçda 13 qol, 5 asistlə yadda qalıb.