“Kəpəz”in baş məşqçisi Adil Şükürov Premyer Liqanın 16-cı turunun “Qəbələ” (0:3) ilə oyunundan sonra mətbuat konfransında iştirak edib.
Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyun haqqında fikirlərini bildirib.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:
“Həmişə deyirəm ki, bizi sevən insanları sevindirdiyimiz üçün Allaha şükür edirik. Azarkeşlərimizə təşəkkür edirəm ki, hər zaman bizə dəstək olurlar. Yaxşı təşkilatlanmış komandaya qarşı oynayırdıq. Elmar Baxşıyevin çox yaxşı komandası var. Bu komandaya qalib gəldiyimiz üçün çox sevinirik. Rəqib həmişı ön sıralarda gedən komandadır. “Qəbələ”yə gələcək matçlarda uğurlar arzulayıram”
- “Kəpəz” ötən oyunda da yaxşı oynamışdı. Qısa vaxtda necə dəyişiklik etdiz? Deyəsən, sehrli çubuq sizdə idi...
- Sehrli çubuq deməzdim. Sadəcə, rəhbərlik uşaqların, komandanın yanındadır. Onlara öz dəstəyini göstərir. Bu da çox vacib amildir. Biz də çalışırıq ki, gücümüz nəyə çatırsa, futbolçuları oyunlara motivasiya edək, hazırlayaq. Bizim bu günləri etdiklərimiz hələ tam olaraq istədiklərimiz deyil. Qarşıda böyük oyunlar var. Marafonun yarısına çatırıq. Daha yaxşı oynamağa, daha yaxşı formaya düşməyə çalışacağıq. Ki, komanda daha yaxşı uğurlar qazansın.
-Oyunla bağlı planınız nədən ibarət idi?
-“Qəbələ”nin oyunun təhlil etmişdik. Bilirdik ki, ilk dəqiqələrdən ön xətdə çox aqressiv olurlar. Rəqibi öz qapısına sıxaraq qol vurmağa çalışırlar. Bizim gördüyümüz odur ki, hücumla müdafiə arasında geniş məsafə var idi. Oyunumuzu da onun üzərində daha çox qurmuşduq ki, həmin məsafədən istifadə edərək, sürətli hücumlar quraq. Bu gün də onları qura bildik, bir çox epizodlarımız oldu. İmkan düşdükcə də, istifadə etməyə çalışdıq.
-Şakir Seyidovun mövqeyinin dəyişdirilməsi oyun planına nə dərəcədə təsir edirdi?
-Şakir “Bakı” futbol akademiyasının yetirməsidir, onu çoxdan tanıyırıq, potensialına bələdik. Bilirdik ki, onun həmin mövqedə faydalı iş əmsalı daha yüksək olar. Gördüyümüz də odur. Ona görə də, onu həmin mövqeyə çəkdik. İstədiyimiz də alındı. Təbii ki, bir epizodu çıxmaq şərtilə. Çünki qapımıza zərbə gəlmişdi.
-Hər zaman gənc futbolçulara güvənmisiz. “Kəpəz”də qışdan sonra gənc futbolçular heyətdə görə bilərik?
-Hər zaman deyirəm ki, gənc futbolçulara şans verməliyik. Elə şans olmalıdır ki, uşaqlar həmin oyunlarda potensiallarını göstərə bilsinlər. Bu da həmin oyunlardan biri kimi dəyərləndirdik və Əli Səmədovla, Cavad Kərimovu oyuna buraxdıq. Ki, onları da Gəncə futbolunun gələcəyi adına qazanaq. Bu, təməldir.