“Kəpəz”in baş məşqçisi Adil Şükürov apasport.az saytına açıqlama verib.
O, komandasının yeni sezondan hədəflərindən və baxışda olan, heyətə cəlb edilmiş legionerlərdən də danışıb:
“Biz hazırlığımızı davam etdiririk. Yeni sezona hazır olmaq üçün çalışırıq. Komandaya yeni legionerlər gəlib. Tam olaraq hazır olmasalar da, optimal formalarından çox uzaqda deyillər. Yaxın müddətdə bərpa olaraq, oynayacaq performansdadırlar. Baxışda “Benfika”nın B komandasının keçmiş üzvü Joao Mario da var idi. Əslində, yaxşı futbolçudur. Sadəcə onun bərpası üçün xeyli müddət lazımdır. Çünki çarpaz bağlarından əməliyyatından sonra bərpa keçir. Bizim də buna vaxtımız yoxdur. Yoxsa, Mario kimi futbolçu gələcəkdə bizim komandamıza kömək edə bilər. Bizim bəlli büdcəmiz var və ondan kənara çıxa bilmirik. Belə oyunçuları saxlamaq da olmur. Yoxsa, Mario gələcəkdə komandamıza lazım ola biləcək oyunçudur. Amma müəyyən büdcə var və ondan kənara çıxmaq olmur. Bu mənada, düşündük ki, Marioya gələcək karyerasında uğurlar arzulayaraq geri göndərək”.
Şükürov “Kəpəz”in heyətinin yenidən qurulduğunu və müəyyən zamana ehtiyac lazım olduğunu bildirib: “Komandamızın bugünkü durumu elədir ki, biz Premyer Liqada qalmaq uğrunda mübarizə aparacağıq. Bu, açıq-aşkar məlumdur. Digər komandaların büdcəsinə baxanda, hansı komanda hansı yerlər uğrunda oynamaq üçün can atır, görünür. Müəyyən səbəblərə görə oyunçuları saxlaya bilmədik. İndi yenidən komanda qururuq və bunun üçün müəyyən vaxt lazımdır ki, oyundan-oyuna futbolçular da istədiklərimizi başa düşsün və yerinə yetirə bilsinlər. Çempionatın ilk turu da bəllidir. Bizim üçün təqvim fərq etmir. Harada oynasaq da, onsuzda səfərdə oynayırıq”.
Sonda isə Gəncə klubunun çalışdırıcısı “Kəpəz”in yeni sezonda ehtiyat meydança kimi haranı sifariş edəcəyini açıqlayıb: “Ehtiyat meydança sifarişi? Hələ ki, bunu düşünürük. Ola bilər ki, ikinci meydança kimi Qəbələ şəhər stadionunu sifariş verək. Danışıqlarımız gedir. Əsas meydança kimi əsas seçimimiz isə təbii ki, Tovuz şəhər stadionudur”.