Adrian Mutu: "Dünyanın ən şanssız məşqçisiyəm"
26.11.2023 - 18:03
Adrian Mutu: "Dünyanın ən şanssız məşqçisiyəm"

Misli Premyer Liqasının XIV turunun "Neftçi" - "Araz-Naxçıvan" oyunundan sonra evsahibi komandanın baş məşqçisi Adrian Mutunun iştirakı ilə mətbuat konfransı keçirilib. 

Apasport.az xəbər verir ki, rumın mütəxəssis əvvəlcə oyun haqqında fikirlərini bildirib. Ardından jurnalistlərin suallarını cavablandırıb.

"Komandamın oyunundan razı qaldım. Futboldur. Bu gün çox bəxtsizlik oldu. Hesab 3:0, 4:0 olmalı idi, onun yerinə 1:1 oldu. Bəzən futbol səni cəzalandırır. Oyunçularımdan razı qaldım. Belə davam etsək, düzgün yoldayıq. Bu gün sadəcə hesaba görə üzülürəm. Asanlıqla 3:0 olacaq oyunu, bir xalla bitirdik".

- Qış fasiləsinə bir şey qalmayıb. Yəqin ki, qışda komandadan gedənlər və gələnlər olacaq. Siyahını hazırlamısız?
- İdman direktorumuzla bu barədə söhbətimiz olub. Düşünürük ki, komandanı necə yaxşılaşdıra bilərik. Dekabrda bəzi dəyişikliklər olacaq.

- "Araz-Naxçıvan" qol vurduqdan sonra dəyişikliklər etdi, siz isə daha çox müdafiəni gücləndirdiniz. Rəqibin qolunda bunun nə dərəcədə rolu oldu?
- Yaxşı dəyişikliklər etdik. Sonradan meydana daxil olanlar öz işlərini yaxşı yerinə yetirdilər. Son saniyələrdə "Araz-Naxçıvan"ın qapımıza vurduğu qola baxıb, bir daha analiz etdim. Fərqli prizmadan baxdım, TV-dən yox. Taktiki heç bir səhv yox idi. Çünki oyunçular meydanda düzgün mövqe seçmişdilər. Qəbul etmək lazımdır ki, rəqibin oyunçusu çox yaxşı asma etdi və qol da yaxşı alındı. Məni bu gün üzən yalnız hesabdır. Rahatlıqla 3:0, 4:0 olmalıydı, amma 1:1 bitdi. Bu adamı içəridən "yandırır", adama toxunur. Hamınız oyuna baxdız. Siz də qəbul edərsiz ki, komanda yaxşı oynadı. Həftə boyu yaxşı məşq etdik, oyuna yanaşma da istədiyim kimi idi.

- Azər Sahalını yenidən meydanda görəcəyik? 
- Bu gün bütün futbolçular özünü yaxşı tərəfdən göstərdi. Oyunçular istədiyimi edirdi. Onlardan biri də Azər idi ki, istədiklərimi etdi.

- Sanki komanda sonradan həvəsdən düşdü, arxayınlaşdı... 
- Razı deyiləm. İkinci yarıda daha çox qol epizodu yaratdıq. Necə deyə bilərsiz ki, komanda motivasiyasız idi? Oyunçular çox yaxşı oynadılar. Onlara deyiləsi sözüm yoxdur.

- Lukas Melano haqda fikriniz nə dərəcədə dəyişib?
- Melano tərəfdən düzgün reaksiya görürəm. Məşqlərdə də özünü yaxşı tərəfdən göstərir. Oynamağa layiq olduğunu sübut edir. Sadəcə yaradılan qol epizodlarını reallaşdırmaq lazım idi. Yaxşı oynayırıq. İlk gündən deyirəm ki, epizodlarımızı qolla nəticələndirsək, çətin olmaz. Epizodları vura bilmirik deyə, çətinlik yaranır. Hücumçular bu gün öz üzərinə düşən işin çox hissəsini gördülər. Qol da vursaydılar, mükəmməl performans olardı.

- Həm birinci, həm də ikinci dövrədə sizi cəzalandıran Orxan Əliyev oldu. Onun üçün xüsusi diqqət ayırmamışdız?
- O, ikinci hissədə meydana daxil oldu. Onun üçün yaxşıdır. Bəli, tapşırıqlar verilmişdi. Əvvəldən oyunçularımıza məlumat veririk.

U-21 yığmasının kapitanı Fərid Yusifli, İsmayıl Zülfüqarlı, Ömər Buludovun hazırlıq səviyyəsi barədə nə deyə bilərsiz?
- Onlar məşq edirlər. Ömər zədədən yeni qayıdıb. Üç aydır ki, zədədən əziyyət çəkirdi. Ona vaxt lazımdır ki, əvvəlki formasını bərpa etsin. Digər ik oyunçu da çox peşəkardır. Məşqlərini edirlər, işlərinə peşəkar kimi yanaşırlar. Amma futboldur, rəqabət var.

- Mümkündür ki, qışda özünüz "Neftçi"dən gedəsiz? Rumıniya mətbuatı yazmışdı ki, ÇFR Kluj sizinlə maraqlanır...
- Dünyanın ən şanssız məşqçisiyəm, iki oyundur ki, son saniyələrdə qol buraxırıq. Burada bir işə başlamışam və bitirmək istəyirəm. Bu heç də asan deyil. Çalışacam ki, buna dözüm və istəyirəm mövsümü "Neftçi"də bitirim.

writer photo
Əlirza Əlirzalı
0