Adrian Mutu: “Rəqib məni təəccübləndirmədi”
28.07.2023 - 02:09
Adrian Mutu: “Rəqib məni təəccübləndirmədi”

“Nəticədən razı qalmasam da, komandamın oyunundan məmnunam”.

Apasport.az-ın məlumatına görə, bunu, “Neftçi”nin baş məşqçisi Adrian Mutu deyib.

Konfrans Liqasında “Jelezniçar”la 2:2 heç-heçə oynayan paytaxt klubunu ruminiyalı mütəxəssis rəqib komandanın müdafiədə yaxşı oynadığını qeyd edib. O, ikinci hissədə oyunda dönüş yaratdıqlarını bildirib: “Çox yaxşı müdafiə olunan rəqiblə qarşılaşdıq. Biz futbol oynamağa çalışırdıq. Oyuna aqressiv başlasaq da, qol buraxdıq. Fasilədən sonra daha üstün oynadıq və sonda lazım olan qolu vurduq”.

Yerli jurnalistin “Nəyə əsaslanaraq daha yaxşı oynadığınızı düşünürsünüz?” sualına Adrian Mutunun cavabı qısa olub: “Siz jurnalist, mən məşqçiyəm. Bu, mənim fikrimdir. Rəqibin ikinci hissədə daha yaxşı oynadığını bilirdik. Sizin düşüncələrinizə də hörmətlə yanaşıram”.

Adrian Mutu meydan sahiblərinin onu təəccübləndirmədiyini vurğulayıb. O, “Jelezniçar”ın gözlənilən kimi oynadığını bildirib: “Rəqib məni təəccübləndirmədi. “Jelezniçar”ı təhlil etmişdik, komandanın güclü və zəif tərəflərini bilirdik. Əks-hücumlar zamanı çox təhlükəli olurdular. Mən həmişə qələbə uğrunda mübarizə aparmaq istəyirəm. Düşünürəm ki, şanslar bərabərdir”.

Qeyd edək ki, "Jelezniçar"la səfər matçında “Neftçi” 95-ci dəqiqədə bərabərlik qolunu vurub.
 

writer photo
Əlirza Əlirzalı
0