“Xəzər Lənkəran”ın sabiq futbolçusu Adrian Pitin apasport.az saytına müsahibəsi
- “Neftçi" avrokuboklarda çıxışını dayandırdı. Adrian Mutunun rəhbərliyi altında komanda cəmi bir mərhələ adlaya bildi, “Beşiktaş”la bacarmadılar. Sənin üçün gözlənilməz oldu?
- Bəli, bundan xəbərdaram. Çünki “Neftçi” – “Beşiktaş” və İstanbuldakı cavab qarşılaşmasının kadrlarına baxmışam. “Beşiktaş” və “Neftçi”ni müqayisə etmək doğru olmazdı. Hər kəsə hörmətlə yanaşıram, amma belədir. Türkiyə liqasına hər mənada böyük sərmayələr yatırılır. Bu mənada, “Neftçi”nin “Beşiktaş”ı keçə bilməməsi mənim üçün gözlənilməz olmadı.
- Maraqlıdır ki, Mutu “Neftçi”yə Rumıniya liqasından cəmi iki futbolçu gətirdi - Marka Tamaş və Yuri Matias. Adıçəkilən futbolçular barədə fikrin necədir? Matias artıq "Neftçi"nin sevimli və aparıcı futbolçusuna çevrilib...
- Məncə, Mutu “Neftçi”yə gələ biləcək oyunçuları gətirə bildi. Yuri Rumıniya çempionatında öz mövqeyində ən yaxşılardan biri idi. Öncə “Qaz Metan Mediaş”da, daha sonra isə ÇFR-də ən yaxşılardan oldu. Tamaş da yaxşı futbolçudur. Hər ikisi komandası üçün əlindən gələni edir. Normalda isə bütün futbolçular bunu etməlidir.
- Yeri gəlmişkən, ötən mövsüm “Rapid”də Mutunun rəhbərliyi altında oynamış Marka Dzuqandziç isə “Neftçi”yə gəlmədi. Gəlsəydi, komandaya çox kömək olardı?
- Əminəm ki, Duqandziç “Neftçi”yə çox kömək olardı. Əbəs yerə deyil ki, o, son iki ildə Rumıniyada ən yaxşı hücumçulardan idi. Xüsusilə də, Mutu “Rapid”ə gəldikdən sonra Marko özünü yüksək səviyyədə göstərdi. Artıq Səudiyyə Ərəbistanının “Əl-Tai” klubuna keçib.
- Hazırda "Neftçi"də çoxlu sayda yeni legionerlər var. Səncə, Mutu yeni qurduğu komanda ilə Azərbaycan çempionluğunu qazana biləcək? Mutuya bir il lazımdır, yoxsa yarım ilə də özünü göstərəcək?
- Əvvəl Azərbaycana daha çox əcnəbi oyunçu gəlirdi. İndi o qədər çox oyunçu seçə bilməz. Hətta Rumıniyada. Çünki burada klublar daha yaxşı maaş verməyə başlayıb və oyunçu gətirmək asan olmaz. Əminəm ki, Adrian Mutu öz heyəti ilə “Neftçi”yə uğur gətirəcək. Amma ona vaxt vermək lazımdır. “Qarabağ”ın çempionluqları ard-arda qazanmamışdan əvvəlki vaxtlarını xatırlayırsınız? Onların da həm klubun strukturunu, həm də komandanı formalaşdırmaq üçün bir neçə ili getdi. Səbirli olmaq lazımdır.
- Səncə, Mutu nəyə görə rumıniyalı futbolçuya dəvət göndərmir? Komandasında rumıniyalı futbolçu yoxdur...
- Daha əvvəl dediyim kimi, artıq buradan yaxşı futbolçu aparmaq asan deyil. Çünki futbolçular 2-3 illik müqavilə imzalayır. Əgər klub üçün yaxşı təklif olmursa, onlar futbolçusunu satmırlar. 100 faiz Mutu bir neçə rumıniyalı oyunçu ilə danışıq aparıb. Amma onlar tərəflər üçün ümumi razılıq tapa bilməyib. Bilirəm ki, futbolda heç kimin səbri yoxdur. Ona vaxt verin, mentalitetinin düzgün olduğunu görəcəksiniz.