AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Yığıncaqda klubların şikayətlərinə baxılıb. Tribunal aşağıdakı qərarları qəbul edib:
1.“Xocalı” klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.
2. 21 oktyabr 2023-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “İrəvan” FK – “Xocalı” FK oyunu bitdikdən sonra “Xocalı” FK komandasının 19 nömrəli futbolçusu İlkin Əbilli rəqibə əl ilə zərbə endirdiyinə görə qırmızı vərəqə aldığı üçün onun 4 oyun cəzalandırılması (maddə 40.3) barədə İntizam Komitəsinin 24 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilsin.
3. Futbolçu İlkin Əbillinin ona təyin olunan cəzanın bir hissəsini icra edərək müvafiq liqada 2 oyun buraxması və digər 2 oyunluq cəzasının isə ödənilməmiş qalması nəzərə alınaraq, İntizam Məcəlləsinin 31-ci maddəsinə əsasən ödənilməmiş 2 oyun cəzanın 1 oyunu çəkilsin, qalan 1 oyun hissəsinin icrası dayandırılsın.
4. Cəzanın icrası dayandırılan hissəsi üçün 6 ay sınaq dövrü təyin edilsin. Sınaq dövrünün başlanğıcı ilkin cəzanın çəkildiyi 29 oktyabr 2023-cü il tarixdən etibarən təyin edilsin (maddə 31.2).
5. Futbolçu və kluba izah olunsun ki, sınaq dövründə futbolçu qayda pozuntularına yol verərsə, sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunur və yeni sanksiya əvvəlki sanksiyaya tam şəkildə əlavə olunur (maddə 31.3).
6. İntizam Komitəsinin qərarı qalan hissədə qüvvədə saxlanılsın.
7. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.
8. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
1. 21 oktyabr 2023-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “İrəvan” FK – “Xocalı” FK oyununda “Xocalı” FK komandasının köməkçi məşqçisi Hacı Qasımov qarşılaşmanın 77-ci dəqiqəsində texniki zona qaydalarını pozmaqla meydana daxil olaraq hakimə kəskin etiraz etdiyi üçün qırmızı vərəqə aldığına görə onun 2 oyun cəzalandırılması (maddə 42.3) barədə İntizam Komitəsinin 24 oktyabr 2023-cü il tarixli qərarından “Xocalı” futbol klubu tərəfindən verilən apellyasiya şikayəti məsələyə baxılmaq zərurəti aradan qalxdığı üçün baxılmamış saxlanılsın.
2. Bu qərardan şikayət verilməsi nəzərdə tutulmur.
1.“İrəvan” klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.
2. 21 oktyabr 2023-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “İrəvan” FK – “Xocalı” FK oyunu bitdikdən sonra “İrəvan” FK komandasının 1 nömrəli futbolçusu Vüqar Cəfərov rəqibə əl ilə zərbə endirdiyinə görə qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılması (maddə 40.3) barədə İntizam Komitəsinin 24 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilsin.
3. Futbolçu Vüqar Cəfərovun ona təyin olunan cəzanın bir hissəsini icra edərək müvafiq liqada 3 oyun buraxması və digər 1 oyunluq cəzasının isə ödənilməmiş qalması nəzərə alınaraq, İntizam Məcəlləsinin 31-ci maddəsinə əsasən təyin olunan cəzanın ödənilməmiş hissəsi dayandırılsın.
4. İcrası dayandırılan cəza üçün 6 ay sınaq dövrü təyin edilsin. Sınaq dövrünün başlanğıcı ilkin cəzanın çəkildiyi 29 oktyabr 2023-cü il tarixdən etibarən təyin edilsin (maddə 31.2).
5. İntizam Komitəsinin qərarı qalan hissədə qüvvədə saxlanılsın.
6. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.
7. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.