AFFA "Neftçi"nin prezidentini cəzalandırdı
20.04.2023 - 12:57
AFFA "Neftçi"nin prezidentini cəzalandırdı

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaq qurumun inzibati binasında baş tutub.

Toplantıda Misli Premyer Liqasının XXX turu və Azərbaycan kubokunun yarımfinalında baş verənlər müzakirə olunub. Çempionatın “Zirə” – “Səbail” qarşılaşmasının II hissəsində qonaqlar meydançaya gec çıxdığına görə 2400 manat cərimə edilib.

“Neftçi” – “Qəbələ” oyununda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat ödəməlidir. “Kəpəz” – “Turan Tovuz” matçında 4 oyunçusu xəbərdarlıq alan meydan sahiblərinin də cəzası eyni olub. 

Bu görüşdə qonaqların legioneri Piruzi Marakvelidze rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib. Onun komanda yoldaşı Tərlan Quliyev qarşılaşma bitdikdən sonra təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzaya layiq görülüb. O, klubunu 1600 manat cəriməyə məruz qoyub. Tovuz klubunun qapıçısı Kamal Bayramov matçdan sonra rəqib futbolçuları təhqir etdiyinə görə 3 oyun cəza alıb. Qərblilər buna görə də 1600 manat ziyana düşüb. Qonaqlar futbolçuları isinmə hərəkətləri edən zaman tələbləri pozduğuna görə daha 200 manat ödəyəcək.

“Sabah” – “Qarabağ” matçına yanğından mühafizə xidməti maşını təyin olunan vaxtdan gec gəldiyi üçün bakılılar 400 manat xərcə düşüb. Hər iki klubun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə rəqiblərin hər biri 1600 manat cərimələnib. Qarşılaşma başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə paytaxt təmsilçisi daha 1600 manat ziyana düşüb. “Qarabağ” azarkeşləri tərəfindən 155 oturacaq sındırıldığı üçün meydan sahibi kluba dəymiş zərər Ağdam təmsilçisi tərəfindən ödəniləcək.

Kubokun “Turan Tovuz” – “Neftçi” oyununda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qərblilər 800 manat cərimələnib. Matçın fasiləsində stadionun tunelinə daxil olaraq oyunun rəsmi şəxslərinə qarşı ifadələr işlədən “Neftçi”nin prezidenti Kamran Quliyev də cəzalanıb. O, Azərbaycan Kubokunda 3-ü şərti olmaqla 5 oyun cəza alıb, klub 4000 manat cərimə olunub. Sınaq müddəti 6 ay təyin edilib.

writer photo
Əlirza Əlirzalı
0