Aftandil Hacıyev: “Neftçi” 2-3 transferi birdən açıqlaya bilər” - MÜSAHİBƏ
18.01.2023 - 14:16
Aftandil Hacıyev: “Neftçi” 2-3 transferi birdən açıqlaya bilər” - MÜSAHİBƏ

Azərbaycanlı futbol mütəxəssisi Aftandil Hacıyevin apasport.az saytına müsahibəsi

- "Qarabağ"dan Kadi Borges getdi, Şahruddin Məhəmmədəliyev və Abbas Hüseynov zədələnib. Komandada baş verənləri necə şərh edərsiz?
- Son vaxtlar baş verənlər gözlənilməzdir. Zədələr gözlənilməz oldu. Kadinin gedişi ilə zədələri bir eləmək düz olmazdı. Çünki orada qazanc var. Hər halda, müəyyən məbləğ müqabilində Kadi “Krasnodar”a keçdi. Amma Şahruddin və Abbasın zədələnməsi "Qarabağ" üçün itkidir. Marko Veşoviçin yoxluğunda Abbas da meydana çıxırdı, oynayırdı, özünü yaxşı tərəfdən göstərirdi. Şahruddinə gəldikdə, hər halda, daxili oyunlarda zərbə olmasa da, qarşıda avrokubok matçları var. Buradakı oyunlarda daha təcrübəli qapıçıya ehtiyac olacaq. Doğrudur, komandada gənclər də var. Vaxtı ilə Şahruddin də verilən şansdan yararlanıb. Amma istənilən halda, itkidir. Ümid edirəm ki, hər iki futbolçu tez bir zamanda sağalıb komandaya qoşular. 

- Konfrans Liqasının "Marsel"lə görüşündə qapı Luka Quqeşaşviliyə tapşırılmışdı və o, səhvlərlə yadda qalmışdı....
- Şahruddin də daha öncə əsas qapıçı sayılmırdı. Əsas qolkiper kimi İbrahim Şehiç, daha sonra Asmir Beqoviç, ardınca Vaqner Da Silva gəlmişdi. Şahruddin ikinci və ya üçüncü qapıçı idi. Lakin zaman keçdi və onda dəyişikliklər baş verdi. Bunlar da hamısı yaxşıya doğru idi. O, verilən şanslardan maksimum yararlanmağa başladı. Luka Quqeşaşviliyə gəlincə, o, verilən şanslardan o qədər yaxşı istifadə etməsə də, artıq kifayət qədər zaman keçib. Hər halda, uzun müddətdir komandadadır. Ola bilər ki, məşqçilər korpusu qapıçı axtarmaq haqda düşünsün. Hər halda, çempionat oyunları başlayır və yəqin ki, qapıda Quqeşaşvili dayanar. Oyununda inkişaf olarsa, avrokuboklarda da etibar edilə bilər. 

- “Qarabağ”ın yeni transferi Adama Diakabi haqda məlumatınız var? Sizcə, onun altı ay futbolsuz qalması, yoxsa vaxtı ilə iki fərqli kluba 10 milyona transfer olması ön plana çıxacaq?
- Onun internetdə performanslarından yığılmış videolara baxdım. İlkin təəssüratı xoşdur. Fikrimcə, “Qarabağ”da o, keyfiyyəti ilə ön plana çıxacaq. Hər halda, belə futbolçular Azərbaycana tez-tez gəlmir. Özü də, əvvəllər yaxşı klublarda oynayıb, Fransa yığmasına dəvət edilib. Adaptasiyanı yaxşı keçib, formasını bərpa edərək “Qarabağ”a fayda verə biləcəyini düşünürəm. Klubda skaut işi gedir, izləyirlər, baxırlar. Ümid edək ki, Konfrans Liqasında da xeyri dəyəcək.

- Kadinin “Krasnodar”a transferinin ardından ağıllara tez-tez komandadan ayrıldıqdan sonra geri dönən legionerlər gəlir. Sizcə, o da geri qayıdacaq?
- Məsələni bu cür ümumiləşdirmək, geri qayıdanlar kimi qələmə vermək düz olmaz. Baxaq, əvvəl qayıdan və ya qayıtmaq istəyənlərin yaşı neçə idi. Yaşları az deyildi. Kadi isə 26 yaşındadır. O, “Qarabağ”da özünü ən yaxşı tərəfdən göstərdi. İndi də Rusiya Premyer Liqasında oynayacaq. Yaşı da imkan verir ki, oradan da daha yaxşı yerlərə getsin.

- "Neftçi"dən transferlər gözlənildiyi məqamda, aparıcı üzvünü satdılar, Yusuf Laval “Aruka”ya keçdi. Sizcə, onların transferə ehtiyacı yoxdur?
- Laval yaxşı futbolçudur, sürətli, texnikalı idi. “Neftçi”də də özünü yaxşı göstərirdi. Hələ ki, transfer pəncərəsinin bağlanmasına iki həftəlik müddət var. Hər halda, “Neftçi” də transfer çalışmalarını davam etdirir, məşqçilər korpusu baxır, araşdırır. Ola bilər ki, son mərhələdədirlər. Hər halda, qışda transfer etmək də asan olmur. Məncə, onlar 2-3 transferi birdən açıqlaya bilərlər.
 

writer photo
Əlirza Əlirzalı
0