Ağasəlim Mircavadovdan “Neftçi”, “Zirə” və “Qəbələ” PROQNOZU
28.07.2022 - 12:52
Ağasəlim Mircavadovdan “Neftçi”, “Zirə” və “Qəbələ” PROQNOZU

Azərbaycan klubları bu gün Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Apasport.az saytının məlumatına görə, səfərdə müvafiq olaraq “Aris” və “Fehervar”a məğlub olan “Neftçi” (0:2) ilə “Qəbələ” (1:4) rəqiblərini doğma arenada, Bakıda Təl-Əviv “Makkabi”si önündə eyni aqibətlə üzləşən “Zirə” (0:3) isə İsraildə oynayacaq.

Veteran mütəxəssis Ağasəlim Mircavadov əməkdaşımızla söhbətində hər üç təmsilçimizin şanslarını dəyərləndirib:

“Neftçi”də oyun yoxdur. Bu komanda, futbolçuları nə istədiyini bilmir. Çünki baş məşqçi təzədir, axtarışdadır. “Neftçi” oyun olmalıdır ki, onu inkişaf etdirə biləsən. Oyunçu seçimi futbolda əsas amildir. “Neftçi”nin ilk oyunu heç xoşuma gəlmədi, orada xaos hökm sürür. Əlbəttə ki, “Aris”i 3:0 hesabı ilə məğlub etmək olar. Amma bunu yalnız istək, mübarizlik sayəsində bacarmaq mümkündür. Birinci matçda isə “Neftçi”nin futbolçularının gözündə həmin alovu görmədim. Yenə də ümidliyəm. Mərhələ keçməsini istəyirəm. Amma məntiqim tam başqa söz deyir. Qiyməti oyuna görə verirəm.

“Zirə” üçün “Makkabi” ilə oyun ağır olacaq. Ancaq “Zirə” oyununu qurmağa çalışır. Bunu Bakıdakı matçda hiss elədim. Həmin oyununu inkişaf etdirsin, bu il olmasa da növbəti mövsüm istəyinə çatacaq. Bu komandada inkişaf olacaq. Amma İsrail səfəri çətindir. Çünki “Makkabi” çox güclü, sürətli futbol sərgiləyən komandadır. Üstəlik, İsraildə hava çox istidir.

“Qəbələ” avrokuboklara düşmək üçün çox canfəşanlıq etdilər. Yenə də həmin mübarizliklərini göstərsinlər. “Qəbələ” üçün əsas şərt odur ki, qurduğu sistemi inkişaf etdirsin.

Növbəti mərhələyə vəsiqə qazanmaq şansı baxımından “Neftçi”yə ümid nisbətən daha çoxdur. Ən azı bu klubun adı, tarixi var. Sadəcə, istəkli oynasınlar. Daha ilk matçdakı kimi yox. Kiprdə hətta son saniyələrdə rəqibin hücumçusu “Neftçi”nin gürcüstanlı müdafiəçisi Solomon Kvirkveliyanı uşaq kimi aldatdı. Xoşbəxtlikdən fərqlənə bilmədi. Həmin epizodda qol olsaydı, cütün taleyi həll olunacaqdı. Ancaq yenə də ağır olacaq. Elə oyunlar var ki, boyundan hündürə tullanmalısan. “Aris”lə matç “Neftçi” üçün məhz belə görüşdür”.
 

writer photo
Əlirza Əlirzalı
0