Aleksandr Çertoqanov: "Azərbaycan millisində zamanla hər şey daha yaxşı olacaq" - Müsahibə
14.06.2024 - 22:22
Aleksandr Çertoqanov: "Azərbaycan millisində zamanla hər şey daha yaxşı olacaq" - Müsahibə

Azərbaycan millisinin sabiq futbolçusu Aleksandr Çertoqanov apasport.az saytına müsahibə verib.

- Azərbaycan millisi bu yaxınlarda Albaniya və Qazaxıstanla qarşılaşdı. Albanlara uduzsaq da, qazaxlara 0:2 məğlub durumdan 3:2 qələbə qazandıq...
- Bəli, hər iki matçdan xəbərdaram. Hər iki oyunu da izlədim. Albaniyaya qarşı da pis oynamadıq. Qazaxıstanla görüşdə isə sadəcə əla xarakter göstərdilər. Çünki rəqib kim olsa belə, 0:2-dən sonra ruhdan düşməyərək üç qol vurub qalib gəlmək gözəldir. Özü də, nəzərə alın ki, mövsümün sonudur, bütün futbolçular yorğundur. Ancaq azərbaycanlı futbolçular əla xarakter göstərdilər. Əla qələbə idi.

- Hər halda, sən oynadığın dövrdə də milli bu cür geridönüş etməmişdi...
- Əlbəttə ki, bu çox yaxşı haldır. Geridönüşlər həmişə əla görünür, əladır. Dediyim kimi, alqışlanası haldır. Amma ən yaxşısı bilirsiz hansıdır? Elə ilk dəqiqələrdən diqqətli oynamaq. Şəxsi fikrim belədir, başqa cür düşünənlər də ola bilər.

- Azərbaycan millisinə Portuqaliya millisinin sabiq baş məşqçisi Fernandu Santuş təyin edildi. Bu haqda fikrin necədir?
- Bəli, dünən gördüm ki, artıq təyinat gerçəkləşib. Buna görə də, Azərbaycan millisinə uğurlar arzulayıram. Ümidvaram ki, hər şey yaxşı alınacaq. Təbii ki, Santuşu tanıyıram. Onun harada işləməsindən, uğurlarından da məlumatsız deyilik. Portuqaliya millisində Avropa çempionluğunu qazanıb. Bu əladır. Azərbaycan millisində isə təbii ki, zaman lazımdır. 

- Səncə, Santuş millimizi böyük turnirlərə apara biləcək?
- Dediyim kimi, hər bir məşqçiyə zaman lazımdır. Ümid edək ki, hər şey yaxşı və uğurlu alınacaq. Santuş böyük komandalarla işləyib, necə uğur qazanmaq olduğunu bilir. Fikrimcə, Azərbaycan millisində də zamanla hər şey daha yaxşı olacaq.

- Necə düşünürsən, indiki milli güclüdür, yoxsa sənin oynadığın vaxtki milli?
- Bu haqda nəsə deyə bilmərəm. Çünki müqayisə aparmaq doğru olmaz. Nəticələrə görə isə şərh vermək istəməzdim. Düzü, o vaxtı biz heç bir final mərhələsinə vəsiqə qazanmamışdıq. İndi də bunu edə bilməyib. Demək ki, səviyyə əvvəlki kimi eynidir. Ümid edirəm ki, Azərbaycan millisi uğurlar qazanacaq və istədiyi nəticələrə çatacaq.

writer photo
Əlirza Əlirzalı
0