Azərbaycan millisinin sabiq futbolçusu, hazırda Ukraynada yaşayan Aleksandr Çertoqanovun apasport.az saytına müsahibəsi
- Ukraynada vəziyyət necədir? İşlərin necə gedir?
- Hər şey sizə də, bütün dünyaya da aydındır. Vəziyyət çətindir. Amma nə etmək olar? Yaşayırıq da. Mübarizəyə davam edirik. İnsanlar ölür, binalar, məktəblər, xəstəxanalar bombalanır. Dünya bunu görür. Çox ağır günlərdir.
- Yəqin ki, belə vaxtda futbolla heç maraqlanmırsan?
- Düzünü deyim, futbolla elə də çox yaxından maraqlanmıram. Amma təbii ki, hər şeydən xəbərim var. Axı futbolsuz da qala bilmərəm. Hər halda, özüm də oynamışam. Sadəcə oyunlara əvvəlki kimi həvəslə baxmıram. Əsas məsələ insanların sağlam olmasıdır.
- Hər halda, Premyer Liqa matçlarına baxırsan. Ukraynada hazırda iki azərbaycanlı - "İnqulets"dən Dmitri Nağıyev, "Aleksandriya"dan Emil Mustafayev çıxış edir. Onlar haqda fikrin necədir?
- Bəli, hər ikisini yaxşı tanıyıram. Şadam ki, Ukrayna Premyer Liqasında azərbaycanlılar özlərini ən yaxşı tərəfdən göstərir. Ümidvaram ki, onlar üçün də hər şey yaxşı alınacaq.
- Səncə, onları Azərbaycan millisinə dəvət etməyə dəyər?
- Əlbəttə. Ukrayna Premyer Liqası çox səviyyəlidir, yaxşı durumdadır. Əgər bu liqada stabil çıxış edirlərsə, onları Azərbaycan millisinə dəvət etmək mümkündür. Hər halda, onlar yığmaya kömək olardı. Çünki yaxşı futbolçulardır.
- Emil artıq qış fasiləsindən sonra iki assist və iki qolla yadda qalıb...
- Bəli, Emil "Aleksandriya"da özünü ən yaxşı tərəfdən göstərir və diqqətləri üzərinə çəkə bilib. İki oyunda iki assist edib, iki qol vurmuşdu. Ukrayna çempionatı zəif liqa deyil. O, gəncdir və iki oyunda bu cür effektiv oynamışdı.
- Hətta Ruslan Rotan onu Ukrayna millisinə dəvət etmək istəyir. Bu haqda fikrin necədir?
- Bu barədə mən də eşitmişəm. Xəbərlərdə oxumuşdum. Ukrayna yığmasına, yoxsa Azərbaycan millisinə daha çox xeyir verər? Buna bir şərh verə bilmərəm. Düzgün olmazdı. Hər halda, Emil peşəkar futbolçudur, hansı yığmada oynamağın lazım olduğuna da özü qərar verəcək. Onun performansını görmüşəm. Məncə, o, həm Ukrayna, həm də Azərbaycan millisinə kömək ola bilər. Bilirəm ki, o, artıq Azərbaycan U-21 yığmasında oynayıb və əslən azərbaycanlıdır. Amma burada dünyaya gəlib, burada futbola başlayıb. Hər halda, özü ən yaxşı qərarı verəcək.
- Bəs Azərbaycan Premyer Liqasında oynayan həmyerlilərin barədə hansı fikirdəsən? Daha çox Aleksey Kaşuk diqqətləri üzərinə çəkə bilib?
- Məncə, Kaşuk çox yaxşı futbolçudur. "Sabah"da uğurlu çıxış edir. Ümidvaram ki, hər şey onun üçün yaxşı alınar.
- Millidən söz düşmüşkən, Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsində Belçika, Avstriya, İsveç və Estoniya ilə eyni qrupda mübarizə aparacaq. Milli barədə hansı fikirdəsən?
- Hamısı güclü rəqiblərdir. Təbii ki, Estoniya eyni gücdəyik. Amma yığma son vaxtlar yaxşı durumdadır. Ardıcıl beş oyun qələbə qazanır. Ümid edirəm ki, artıq hər şey yaxşıdır və yığma böyük uğurlar edə bilər. Belçikaya qarşı vaxtı ilə oynamışam, güclü idilər, indi də yaxşı komandadır. Amma ümid edək ki, Azərbaycan istədiyimiz nəticələri qazanacaq.