Mundiala məğlub başlayan SON ÇEMPİONLAR
28.11.2022 - 16:28
Mundiala məğlub başlayan SON ÇEMPİONLAR

Hər dünya çempionatında bütün gözlər titulun son sahibinin üzərində olur.

Apasport.az saytının məlumatına görə, bəzi hallarda hansısa komanda son dünya çempionu kimi qatıldığı mundiala gözlənilmədən məğlubiyyətlə start götürür.

Xüsusən də, əvvəlki iki yarışda bu hal baş verdiyindən, Fransanın nəticəsinə maraq böyük idi. Ancaq bu dəfə sürprizə imkan verməyən fransızlar qrupdakı ilk iki qarşılaşmasında qələbə qazanaraq, 1/8 finala vəsiqəni erkən rəsmiləşdirib.

İndiyə qədər təşkil olunan 22 dünya çempionatının 6-da son qalib turnirə məğlubiyyətlə başlayıb. Bu yazıda həmin yığmaları təqdim edirik.

DÇ-1950 - İtaliya
İtaliyanın 1934 və 1938-ci illərdəki çempionluğunun ardından II Dünya Müharibəsi səbəbindən turnir iki dəfə təşkil olunmayıb. 1950-ci ildə isə yarışa Braziliya ev sahibliyi edib. Həmin mundiala İsveç məğlubiyyəti ilə başlayan “Skuadra Adzurra” ardından Paraqvayı üstələsə də, bu, növbəti mərhələyə vəsiqə üçün kifayət etməyib.

DÇ-1982 – Argentina
Ev sahibi olmağın üstünlüyündən 1978-ci ildə məharətlə yararlanaraq dünya çempionu olan Argentina İspaniyadakı növbəti mundiala sensasiyalı nəticə ilə başlayıb. Belçikaya yenildikdən sonra Macarıstan və Salvadoru üstələyən cənubi amerikalılar ikinci qrup mərhələsində Braziliya və İtaliyadan xal ala bilməyib.

DÇ-1990 – Argentina
1986-cı ildə Maradona və “Tanrının əli” ilə kuboka qovuşan Argentina DÇ-1990-a Kameruna 0:1 hesablı məğlubiyyətlə start verib. Komanda toparlanaraq finala qədər irəliləsə də, həlledici qarşılaşmada Qərbi Almaniya daha güclü olub.

DÇ-2002-Fransa
Fransa DÇ-2002-yə həm son dünya, həm də Avropa çempionu kimi qatılıb. Ancaq 2002-ci ildəki yarışın ilk turunda gözlənilmədən Seneqala uduzub. Uruqvayla heç-heçə (0:0) və Danimarkaya da 0:2 hesablı məğlubiyyət nəticəsində “üçrənglilər” turniri qol vurmadan tərk edib.

DÇ-2014 – İspaniya
İspaniya da mundiala qatılanda həm dünya, həm də Avropa çempionu idi. “Buğalar”ın növbəti dünya çempionatındakı ilk yenilgisi isə biabırçı hesabla olub. Komanda Niderlandla görüşdə rəqibin 5 qoluna cəmi 1 topla qarşılıq verə bilib. İspaniyanın qrupda qalması da bir başqa sürpriz idi.

DÇ-2018 – Almaniya
2014-cü ildəki yarışda ev sahibi Braziliyanı 7:1 hesabı ilə məğlub edən və sonda çempionluq tituluna yiyələnən Almaniya DÇ-2018-in ilk görüşündə Meksikaya (0:1) uduzub. Cənubi Koreyaya da məğlubiyyət Bundestimin qrupda qalmasına yol açıb.

writer photo
Əlirza Əlirzalı
0