"Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade “Sabah”la matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Apasport.az saytının məlumatına görə, o, qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb, hədəflərindən danışıb.
- Premyer Liqada "Sabah"la görüşdə qələbə qazandız. Matçla bağlı fikrin necədir?
- Oyun bizim üçün yaxşı keçdi. Həftəboyu bu matç üçün çalışırdıq. Baş məşqçi də tələb edirdi ki, bu oyuna ciddi hazırlaşaq. Nəticə göstərdi ki, yaxşı oyun oynadıq.
- Son iki oyunda xal itkisi komandada psixoloji gərginlik yaratmırdı ki?
- Neqativ gərginlik yox idi. Meydana həmişə qələbə üçün çıxırıq. Təəssüflər olsun ki, alınmırdı. Futboldur. Bəzən rəqib bizdən yaxşı olur, bəzən biz səhvlərə yol veririk. Baş məşqçi son həftələrdə daha ciddi, daha çox çalışmağı tələb edirdi. Şadıq ki, "Sabah"a iki qol vurduq və üç xal qazandıq.
- Hələ ki, "Partizan"a yola saldığımız Patriki görə bilmirik. Əvvəlki Patriki nə vaxt görəcəyik?
- Siz görəcəksiz. Addım-addım biz irəli gedirik. Ümid edirəm ki, həmin, köhnə Patriki və uğurlu "Qarabağ"ı görəcəksiz.
- Artıq növbəti görüş Avropa Liqasında "Mölde"yə qarşıdır. Bu görüşlə bağlı nə düşünürsən?
- Çalışırıq. Dörd günümüz var. Baş məşqçi "Sabah"la oyundan sonra onu bildirdi ki, dörd günümüz var, vaxtımız azdır. Hazırlaşacağıq ki, yaxşı oyun nümayiş etdirək, azarkeşləri sevindirək.
- Bu mövsüm Premyer Liqanın daha gərgin keçdiyi deyilir. Əvvəlki illərdəki çempionatla indikini necə müqayisə edərdin?
- Bütün komandalar çalışır, rəqibləri analiz edirlər. Son vaxtlar görürük ki, Azərbaycana daha yaxşı, daha keyfiyyətli futbolçular gəlir. Bu da çempionatın səviyyəsini qaldırır. Azarkeşlər üçün də sevindirici haldır. "Neftçi" və "Sabah" necə güclənib, "Qarabağ"a yaxşı, keyfiyyətli futbolçular gəlib. Sözsüz ki, bu da çempionatın səviyyəsini yüksəldir.
- Yəqin “Mölde”ni analiz etmisiz. Əsas ehtiyat etməli olduğunuz məqam hansıdır?
- Biz indiyə kimi analiz etməmişik. "Sabah"ı fikirləşmişdik, çünki bu komandaya qarşı oynayırdıq. Bundan sonra "Mölde"ni analiz edəcəyik. Qarşıda dörd günümüz var. Lazım olan məlumatı baş məşqçi bizə verəcək.