Bu mövsüm "Neftçi"yə qarşı keçirilən hər 3 görüşdə də "Araz-Naxçıvan"ın yeganə qolunu vuran Orxan Əliyev apasport.az saytına müsahibə verib.
- "Neftçi"yə qarşı matç necə alındı?
- Oyun bizim üçün çox yaxşı alındı. Yaxşı qol imkanlarımız var idi. Oyunda temp yaxşı oldu. İstədiyimiz hər şey alındı. Sonda da qalib gəldik. Buna görə çox sevinirəm.
- Maraqlıdır ki, 3 matçda da sanki eyni ssenari qeydə alındı. Xüsusən də, evdəki matçlarınızda matçın gedişatı bənzərdir. Bu bənzərliyin səbəbi nədir?
- Futbolda hər şey baş verir. Hər şeyə də hazır olmaq lazımdır. Biz meydana hər zaman qələbə üçün çıxırıq. Amma nə olacağını bilmirik. Allaha şükür olsun, hər şey bizim tərəfimizdə oldu və qalib gəldik.
- Artıq bu mövsüm "Neftçi"yə 3 qol vurmusan. Səncə, onlar niyə qarşını ala bilmir? Bundan çıxış yolu olaraq səni transfer etməklərini gözləyirsən?
-"Neftçi" hər zaman ölkənin ən yaxşı klublarından biri olub və belə də davam edir. Bu komandanın yaxşı baş məşqçisi var. Ola bilsin ki, bu görüşdə onlarda hər şey istədikləri kimi alınmadı. Mən "Neftçi"yə qarşıdakı matçlarda uğurlar arzulayıram. "Neftçi" həqiqətən də yaxşı komandadır.
- "Neftçi" müdafiəçilərinə qarşı oynamaq sənin üçün asandır?
- Belə deyim də, asan heç yoxdur. Baş məşqçinin oyun üçün planı olur və biz də onu həyata keçirməyə çalışırıq. Rəqibin üstün və zəif cəhətlərinə baxırıq. Əgər "Neftçi" ilə matçlarda da hər şey yaxşı alınırsa, demək ki, hər şey lazım olduğu kimi gedir. Mən hər oyunda komandamın uğuru üçün çalışıram. Alınırsa, nə yaxşı.
- "Araz-Naxçıvan" 22 turdan sonra 30 xalla 6-cı pillədədir. Bu mövqe sizi razı salır? Sanki son turlarda işlər yaxşı getmirdi. "Neftçi" qələbəsi sizi özünüzə gətirəcək?
- Bayaq dediyim kimi, qələbə bizim üçün hər zaman önəmlidir. Amma sırf "Neftçi" ilə görüşdə qələbə çox vacib idi. Özümüzə gəlmək baxımından, bu, çox önəmli idi. Artıq bu görüş geridə qaldı. 3 xalı qazandıq. İndi qarşıdakı matçlara köklənməliyik. Hansı ki, həmin görüşlər də bizim üçün olduqca vacibdir. Biz ən yaxşı yerlərdə olmaq üçün maksimum dərəcədə oynayacağıq. İnanıram ki, hər şey istədiyimiz kimi alınacaq.
- Növbəti tur "Səbail"ə qarşı oynayacaqsınız. Bu oyunda qələbə şanslarınızı necə dəyərləndirirsən? Qalib gələ biləcəksiz?
- Hər oyuna 3 xal üçün çıxırıq. Fərqi yoxdur, rəqib hansıdır. "Səbail"ə qarşı keçirəcəyimiz oyun da bizim üçün olduqca vacibdir. Düzgün yanaşmanı tapıb, meydana çıxıb öz işimizi ən yaxşı şəkildə yerinə yetirməliyik. İnanıram ki, bu görüşdə də uğurlu nəticə qazana bilərik. Amma təbii ki, asan keçməyəcək.