“Bu seçim klub üçün uğurlu da ola bilər, uğursuz da”
Bu sözləri apasport.az saytına açıqlamasında Arif Əsədov deyib.
Təcrübəli çalışdırıcı Vasili Berezutskinin "Sabah"ın baş məşqçisi təyin olunmasına münasibət bildirib: “Hazırda kluba yeni məşqçi təyin olunub. Həmkarıma uğurlar arzu edirəm. Onun işinə bir müddətdən sonra fikir bildirmək olar. Daha öncə baş məşqçi kimi çalışmadığı üçün analiz etmək çətindir. Seçimin nə dərəcə uğurlu olduğunu zaman göstərəcək. Amma təyinatın həm "Sabah", həm də Berezutski üçün xeyirli olmasını istəyərəm. Azərbaycanda da işini yaxşı bilən bir çox yerli mütəxəssislər var. Onların arasından təyinat olsaydı, yenə eyni düşüncədə olacaqdım. Azarkeşlərin azərbaycanlı məşqçi təyinatı gözləməsini anlayışla qarşılayıram. Çünki uğurlu məşqçilərimizdən bir neçəsi xeyli müddətdir ki, işsiz qalıb. Hazırda yerli mütəxəssislərin nəticələri göz önündədir. Lakin Berezutski də uğurlu futbolçu karyerası yaşamış biridir. Bu sahədə təcrübəsi olmasa da, futbolun içindən gəlir. İllərlə Rusiya yığmasının kapitanı olub. Əcnəbi mütəxəssisin baş məşqçi təyin edilməsi artıq "Sabah"ın strategiyasıdır.
Qeyd edək ki, Berezutski bu postda Krunoslav Renduliçi əvəzləyib.
Hacı Heydər