“Qarabağ”ın veteran kapitanı Aslan Kərimov apasport.az saytına müsahibə verib.
- Ağdam klubu bir neçə gün əvvəl "Neftçi"ni 4:1 hesabı ilə məğlub etdi. Həmin oyunda "Qarabağ"ın performansını necə gördüz? Bir növ "Bayer"ə qarşı oynayacaq heyət oynayırdı "Neftçi"yə qarşı....
- "Qarabağ"ın "Bayer"ə qarşı heyətinin "Neftçi"yə qarşı oynayacağı görünürdü. Çünki oyuna 4 gün qalmış əsas heyətin oyunçuları yaxşı yüklənməliydilər. Bu da "Neftçi" ilə oyuna təsadüf etdi. Kim oynayacaqdısa, həmin futbolçular bir-bir yüklənməliydi. Bu mənada, "Neftçi" ilə matçdakı əsas heyət "Bayer"ə qarşı eyni olacaq. "Neftçi" ilə oyundakı performans "Bayer"lə oyunda olası deyil. Tamamilə fərqli-fərqli oyunlardır. "Neftçi" ilə matçda birinci hissədə qarşılıqlı hücumlarla keçdi ki, "Qarabağ"ın əsl gücü bu deyil. "Qarabağ" "Bayer"lə oynamasaydı, avrokuboklarda oyunu olmasaydı, "Neftçi"yə daha çox qol vura bilərdi, daha böyük qüvə ilə oynayardı. Bu mənada, "Qarabağ"ı "Neftçi" ilə ilk hissədə bəyənmədim. Ancaq ikinci yarıda artıq keyfiyyət özünü göstərdi.
- "Qarabağ"ın "Bayer" önündə şansı nə qədərdir? Səncə, komanda bu matçda nəyin və kimin hesabına uğurlu nəticə qazana bilər? Sizin proqnozunuz necədir?
- Oyunun proqnozu ilə bağlı nəsə demək çətindir. Hamımız başa düşməliyik ki, hansı komandaya qarşı oynayırıq. Avropada bütün futbol mütəxəssislərindən soruşsaz ki, kuboku götürməyə namizəd 3 komandanın adını çəkin, 100 faiz bilirəm ki, "Bayer"in adı çəkiləcək. "Liverpul"la onların adı birinci çəkilə bilər. Belə oyunda nəsə demək çətindir. "Bayer" daxili çempionatlarında "Bavariya”dan öndədir. Doğrudur, Bakıya gəlmək üçün uzun yol qət ediblər. Məncə, uzun yolçuluq bizə təxminən qrup mərhələsindəki ikinci - Bakıdakı oyunu xatırladacaq. Düzdür, 0:1 uduzduq, amma Bakıda qol vurmaq şansımız olacaq. Buna 100 faiz əminəm. Rəqibin hücum xəttini, hücumlarını necə dayandıra biləcəyik, bu baxımdan tərəddüd edirəm. Nə qədər qol olacağını deyə bilmirəm. Ən azından heç-heçəyə ümid edirəm.
-Elvin Cəfərquliyev, Julio Romaonun olmaması "Qarabağ"ın oyununa necə təsir edəcək? Sizcə, Patrik Romaonu, Toral isə Elvini lazımınca əvəzləyə bilir və ya biləcək?
- İki cəzalı oyunçunun olmaması əlbəttə ki, komandaya təsir göstərəcək. Çünki bəlli, oturuşmuş heyət var. Patrik və Toralı zəif oyunçu hesab etmirəm. Amma oturuşmuş heyət var, o heyətlə uzun müddət oynayırsansa..."Qarabağ"ın müəyyən gedişləri olur, onlar avtomatizm halına gəlib çıxıb. Bu mənada, komandada onların olmaması başlanğıcda bir balaca təsir edəcək. Leverkuzendəki oyunda yarımmüdafiə xəttini ilk 15 dəqiqə darmadağın etmişdi "Bayer". Romao və Yankoviç geri çəkildi və nisbətən təzyiqi aşağı sala bildilər. Yankoviç - Romao yaxşı tandemdir. Patrik onu tam olaraq əvəzini verə bilməyəcək. Hava topları, aqressivlik və hücumların başlaması baxımından Romao Patrikdən öndədir. Burada biz bir az çətinlik yaşaya bilərik. Toral hücum baxımından Elvindən daha itidir. Elvinin isə sürəti, uzun məsafəli dözümlüyü çox yaxşıdır. Müdafiə planında Elvin Torala nisbətən daha aqressiv, topa ilişə bilən futbolçudur. Müdafiə planında itiririksə, Toral isə hücumda daha iti oynamaq imkanı olan futbolçudur. Burada qazana bilərik. Amma əsas problem ortada olacaq. Ümid edək ki, Marko Yankoviç özünü yaxşı hiss edir. Juninyo da bu oyunlarda bizim üçün vacib futbolçu olacaq.
- “Qarabağ” bu mövsüm artıq iki dəfə “Bayer”lə qarşılaşıb və hər iki matçda da uduzub. Sizcə, həmin görüşdən fərqli və "Qarabağ" üçün hardasa daha uğurlu matç ola biləcək? Yoxsa, eyni ssenarinin olacağını ehtimal edirsiz?
- Qrupdakı oyunlardakı kimi olmayacaq. 1:5 hesablı məğlubiyyət kimi olası deyil. Qrup matçlarında "Bayer" "Qarabağ"ı hazırlıqsız tutmuşdu. "Bayer"i nə qədər analiz etsəydilər də, bu dərəcədə güclü olmaqlarını, sürətli hücum etməklərini gözləmirdilər. "Qarabağ"ın oyunçuları üçün 1:5 hesablı məğlubiyyət gözlənilməz idi. Matçdan sonra müsahibələrə baxsaq, "Qarabağ"ın deyəcəyək bir şeyi yox idi. Qurban Qurbanov demişdi ki, "Bayer" bizdən hərtərəfli güclüdür, bunlar başqa futbol oynayırlar. Məncə, onlar da düşünmürdülər ki, 5 qol buraxacaqlar. Amma ikinci oyunda "Bayer" üçün uzun yol qət etmişdi, biz də rəqibi daha dərindən analiz etmişdik. Hücumameyillidən nisbətən müdafiədə "Bayer"in cinah müdafiəçilərinin qarşısını ala bildilər. "Qarabağ" uduzsa da, Bakıda uduzmağa layiq deyil. Bakıdakı matç da bu məcrada gedəcək.
- "Bayer"in ilk məğlubiyyətini Bakıda alması nə dərəcədə inandırıcıdır?
- Əslində, "Qarabağ" Almaniya klublarına qarşı dəfələrlə oynayıb. Təbii ki, uduzublar da. Amma o klublar "Bayer" qədər güclü deyildilər. Bugünkü gündə Avropaya səs salmış "Bavariya"nı geridə qoymağı bacarıblarsa, çempionluğa real namizəddirlər. Bunu da öz oyunları ilə sübut edirlər. Çünki Almaniya Bundesliqasında lider olmaq asan deyil. Çünki orada sondakı komandalar belə, əsas klublara mane olublar. Xabi Alonsonun gəlişindən sonra "Bayer" inanılmaz işlər görürlər. Cinah müdafiəçilərinin toplam ötürmələri ilə 30-33 qol vurmaları sensasiyadır. "Bayer"in favorit olması normal haldır. Çünki ilk matçda da 5:1 udublar. Amma futboldur, hər şey ola bilər. Əslində, bunun öhdəsindən gələ bilərlər. "Bayer" arxadan topu hara gəldi vuran komanda deyil. Arxa xətdə pas oynamağı sevən komandadır. İspan baş məşqçin varsa, uzun hava ötürmələri ilə oynayası deyilsən. Arxada oyunu qurarkən də, Conatan Tah və Caka çox riskə gedirlər. Öz cərimə meydançalarında da pas edirlər. Öndə yaxşı pressinq edib topu ələ keçirsən, qol vura bilərsən. 1:5 uduzduğumuz oyunda ilk dəqiqələrdə bunun öhdəsindən gəlirdik. Penalti də qazanmışdıq. Bakıda da bunu davam etdirəsi olsaq, bizim üçün uğurlu yol ola bilər. "Bayer" qapısına yığışmış şəkildə oynamayacaq, açılacaqlar. Cinah müdafiəçiləri də öndə oynayırlar. Juninyonun yüksək sürəti var. Bu oyunda da oynayacaq. Onun Conatan Tahdan qaçmaq, qol vurmaq şansı var. "Bayer" bizi sıxanda, əks-hücumda da qol vura bilərik. Bir də, öz qapılarında pas oynamaq istəyəsi olsalar, düzgün pressinq etsək, qol vurmaq şansımız çox olar. Hər bir halda, bunun riskləri də var. Öndə pressinq etsək, ondan çıxsalar, bizim üçün təhlükə yarana bilər. Ümid edək ki, pressinqlərimiz uğurlu nəticələnəcək.