Aslan Kərimov: “Bu, "Qarabağ"ın "yaralı" yeridir”
31.08.2023 - 16:26
Aslan Kərimov: “Bu, "Qarabağ"ın "yaralı" yeridir”

"Neçə faiz keçiblər, neçə faiz keçməyiblər demək mənim üçün bir az düzgün olmazdı. Məsələni 50 faizini həll ediblər”. 

Bunu apasport.az saytına "Qarabağ"ın sabiq kapitanı Aslan Kərimov deyib. 

O, Ağdam klubunun bu gün Avropa Liqasının pley-off mərhələsinin "Olimpiya"ya qarşı keçiriləcək cavab görüşündən gözləntilərini açıqlayıb: “Ən azından birinci oyunda qələbə qazanıblar, ikinci matçda da ən azından məğlub olmamalıdılar ki, mərhələ adlasınlar. Bir top fərqi ilə uduzsalar da, mərhələni keçəcəklər. İlk görüşdəki 2:0 hesablı qalibiyyət irəliyə doğru atılmış böyük addımdır. Məncə, bu başlanğıcı əldən verəsi deyillər”.

O bildirib ki, ilk matçda "Qarabağ" "Olimpiya"dan daha yaxşı oynayıb: “Hesab 2:0 olduqdan sonra rəqib oyunun mərkəzini ələ keçirdi və "Qarabağ"ı öz qapısına otuzdurmağı bacardı. Bəlkə də, taktiki gediş idi, bilmirəm. Amma görünən o idi ki, "Qarabağ" bir az geri çəkildi. Düzdür, bariz qol şanslarına imkan vermədilər. Amma "Olimpiya" ikinci yarıda bizi bir az üstələdi. Bütün bunların fonunda "Qarabağ" istədiyi effekti ala bildi, qollarını vurdular və rəqibə qol şansı vermədilər. Bütün bunlar bir yaxşı komandanın göstəricisidir”. 

Kərimovun sözlərinə görə, "Qarabağ" risk etmək lazım olanda bütün qüvvə ilə qabağa atılmır: “İstər-istəməz say üstünlüyü yaratmağa çalışırlar. Oyun üslubu bu cür də davam edəcək. Xüsusi olaraq, müdafiəyə çəkilək, xüsusi olaraq qabağa getməyək deyə, oyun üslubu seçəsi deyillər. Yenə də dominantlıq etməyə çalışacaqlar. Məncə, bu, "Qarabağ"da alınacaq, top daha çox komandamızda qalacaq və istər-istəməz qol imkanlarımız olacaq. Bunları da reallaşdıra biləcəyik. Minimum bir neçə qol imkanımız olacaq. "Olimpiya" iki topluq fərqin əvəzini ən azından birinci hissədə çıxmağa çalışacaq. Bəlkə də onların risk etmək variantı olacaq".

O, "Qarabağ"ın qapı mövqeyi ilə bağlı hansı seçimi edəcəyi ilə bağlı ehtimalını açıqlayıb: "Qapı məsələsi "Qarabağ"ın "yaralı" yeridir. Kimin qapıda dayanacağı azarkeşlər üçün də çox maraqlıdır. Mənə elə gəlir ki, bu oyuna Luka Quqeşaşvili ilə başlayacaqlar. Çünki ilk matçda kobud səhvi olmadı. Daxili çempionatda Andrey Lunyov oynadı, avrokuboklarda Quqeşaşvili duracaq. Amma ehtimal etmək olar ki, yenə də Şahruddinlə başlasınlar. Ona ümid vermək üçün Qurban Qurbanov bunun edə bilər. Qapıda istənilən qapıçının dayanması bu görüşdə hesaba təsirini göstərəsi deyil. Ancaq gələcək üçün çox güman ki, qapını Andrey Lunyova tapşıracaqlar".

writer photo
Əlirza Əlirzalı
0