Aslan Kərimov: “Legioner həyatı yaşayanlar milliyə gələrkən matça tam sədaqətlə çıxmırlar” - Müsahibə
13.06.2024 - 17:05
Aslan Kərimov: “Legioner həyatı yaşayanlar milliyə gələrkən matça tam sədaqətlə çıxmırlar” - Müsahibə

Azərbaycan millisinin sabiq kapitanı Aslan Kərimov apasport.az saytına müsahibə verib.

- Azərbaycan millisi Albaniya və Qazaxıstana qarşı oynadı. Sizcə, millimiz bu iki oyunun hansında daha yaxşı futbol sərgilədi?
- Hansında daha yaxşı oynadılar demək düzgün çıxmaz. Çünki oynadıqları rəqiblərin səviyyələri fərqli idi. Albaniya Qazaxıstana nisbətən daha güclü idi. Avropa çempionatında çıxış edəcək komandaya qarşı oynadıq. Onlara qarşı da daha çox hücumda olub, qol imkanları yaratdıq. Millimiz hər iki komandaya qarşı yaxşı oyun keçirdi. Məncə, Albaniya ilə matçda Rahil Məmmədovun performansı yaxşı deyildi. Albaniya matçının ikinci hissəsini, Qazaxıstanla görüşü yaxşı şəkildə keçirdik. 

- Millimizin xarakter göstərərək Qazaxıstana 3:2 qalib gəlməsini necə izah edərdiz? 
- Başlanğıcdan etibarən futbolçular oyuna çox ciddi yanaşırdılar. Baxmayaraq ki, bəzi oyunçuların oyun praktikası az idi, bəziləri isə yorğunluq fonunda bu görüşlərə çıxmışdı. Çatışmazlıqlar görünürdü. Ancaq futbolçular var gücləri ilə özlərini bu oyuna həsr etmişdilər. Bəzən legioner həyatı yaşayanlar milliyə gələrkən, bir az özlərini qoruyurlar, tam sədaqətlə matça çıxmırlar. Bu əvvəlki matçlarda, qrup görüşlərində hiss olunurdu. Amma son dörd yoldaşlıq oyunlarının heç birində belə bir şey görmədim, heyətdə də belə oyunçu yox idi. Albaniya ilə görüşdə də yaratdığımız qol epizodlarını reallaşdırsaydıq, hesab fərqli olardı. Bir də, rəqibin sürətli hücumlarının qarşısını almaqda çətinlik çəkirik.

- Sizcə, milli komandamızı ən azından Millətlər Liqasına Arif Əsədov çıxara bilməzdi?
- Bir tək Millətlər Liqasının oyunlarına çıxarıb, daha sonra dəyişsəydilər, bu doğru olmazdı. İstənilən məşqçini gətirirsənsə, ona uzunmüddətli imkan yaratmalısan. Hansısa oyun üslubunu ortaya qoymaqdan ötrü vaxt lazımdır. Amma vaxt da çox deyil. Məşqçiyə uzun müddət lazımdır. AFFA-nın yeni baş məşqçi gətirmək fikri var idi və Arif Əsədov müvəqqəti olaraq baş məşqçi əvəzi işləyirdi. Yeni baş məşqçini tez təyin etmək lazım idi. Məncə, indi də gecikmişik, bunu daha tez müəyyən etmək lazım idi. Bu yoldaşlıq görüşlərini yeni baş məşqçisi ilə oynamaq daha məqsədəuyğun olardı.

- Artıq milli komandamızın yeni baş məşqçisi bəllidir. Bu təyinatı necə şərh edərdiz? Sizcə, Fernandu Santuş millimizə uyğun məşqçidir?
- Futbol ictimaiyyətində iki cür düşünənlər var. Daha çox yaşı ilə bağlı tərəddüd edirlər. Bu da əbəs yerə deyil, insanı düşünməyə vadar edir. Onun savadına, təcrübəsinə heç kimin şübhəsi ola bilməz. Santuş Avropa çempionudur, işlədiyi oyunçuların səviyyəsinə baxsaq, ən güclülərdir. Onun təcrübəsinə ehtiyacımız var. Məşqçilər və futbolçular olaraq da, belədir. Təcrübəsindən yararlana bilərik. Amma əsas məsələ, burada bizə nə qədər effekt verə biləcəyidir. Millinin inkişafı baxımından deyirəm. Millidə işləmək enerji tələb edir. Daim oyunlarda olmalısan, oyunçuları izləməlisən, futbolçularla kommunikasiya qurmalısan. Bunun özü də, fiziki güc, enerji tələb edir. Klub məşqçisi elədir ki, mövsümün əvvəlində komandanı yığırsan, istəsən də, istəməsən də onlarla hər gün eyni rejimdə görüşürsən, kommunikasiya qurursan. Bunun üçün vaxtın var. Amma milli belə deyil. Bəlli vaxtda yığılırsa, oyunçuları tanımalısan. Təbii ki, hansısa yerli mütəxəssislərlə bunun öhdəsindən gələ bilər. Cavan da olsaydı, təkbaşına etmək çətin idi. İş bir balaca çətin görünə bilər. Lakin ümid edirəm ki, Santuşun yaşı və təcrübəsi ona kömək olacaq. Amma ona yerli dəstək də mütləq olmalıdır. 

- Sizcə, bu qədər məşqçi çatışmazlığı var ki, AFFA milliyə son vaxtlar işlədiyi yerlərdən qovulmuş 69 yaşlı mütəxəssisi təyin etdi?
- Türkiyə liqası mənim üçün ölçü vahidi deyil. Orada işləyə bilmədisə, qovuldusa, pis məşqçidir, yararlı məşqçi deyil fikri ilə razı deyiləm. Yoahim Löv Almaniya millisindən qabaq Türkiyədə işləyərkən, onu qovmuşdular. Deyirdilər ki, zəif məşqçidir. O isə Almaniya millisi ilə dünya çempionu oldu. Türkiyədə futboldan çox danışırlar, araşdırmalar çox edirlər. Amma bunu bəzən çox şişirdirlər. Santuşun “Beşiktaş”dan qovulması göstərici deyil. Onun savadı və təcrübəsi əl verir ki, Azərbaycanda uğur qazana bilsin. Amma təbii ki, yerli məşqçilər də var. Rəhbərliyin düşüncəsinə görə Avropa çempionu olan məşqçini təyin ediblər. Onunla da, millimizin uğurlarını gözləyirlər. İş getmədən, hansısa işi ilə bağlı nəsə demək düzgün olmazdı. Ən azından gözləmək lazımdır ki, baxaq görək necə işləyəcək, mədəniyyətimizə necə uyğunlaşacaq. Ümid edək ki, bizim üçün yararlı məşqçi olacaq.

- AFFA-nın baş məşqçi postuna yerli mütəxəssis istəməməsini nə ilə əlaqələndiritsiz?
- Bilmirəm, onların yerinə fikirləşə bilmərəm. Bu tək bizdə deyil, inkişaf etmək istəyən ölkələrdədir. Yerli mütəxəssislərə nəticələr olmadıqca, o qədər də bel bağlamaq istəmirlər. Özlərini sübut etmiş məşqçiləri dəvət etmək onlar üçün daha məntiqli olur. Bu da bir çıxış yoludur. Hər zaman bu o qədər özünü effektli göstərməyə bilir. Bəzən tanınmayan, yerli məşqçi də şans qazana bilir. Bunu digər ölkələrdə görmüşük. Bizim yerli məşqçilərimizə də inansalar, onlar da uğur qazana bilərlər. Sadəcə inanıb, vaxt vermək lazımdır. Bir məşqçiyə vaxt verərsən, alınmaya bilər. Necə ki, xarici məşqçiyə inanıb gətirirsən, amma onunla uğur qazanmaya bilirsən. Dəfələrlə görmüşük. Millidə işləyirsənsə, insanları tanımaq məsələsi də var. Legioner mütəxəssis olaraq, Robert Prosineçki möhtəşəm milli məşqçisi idi. Bəlkə də, klub məşqçisi kimi yaxşı olmaya bilər. Amma o legioner idi və buna baxmayaraq, bizim oyunçuların mentalitetini, düşüncə tərzini o qədər yaxşı bilirdi ki, onları möhtəşəm hazırlayıb, oyuna buraxa bilirdi. Oyunçularımın gücü əvvəlki məşqçilərin, indiki məşqçilərin dövründə çox deyildi. O cür futbolçulardan Prosineçki çox yaxşı istifadə etməyi bacarmışdı. Ona görə də, Prosineçki mənim üçün millidə işləmək baxımından inanılmaz dərəcədə iz qoyub və onun dönəmində millidə oynamış futbolçudan soruşası olsanız, Prosineçkini o qədər çox istəyirdilər ki... Xorvatiyalıya o qədər inanırdılar ki, dediyi istənilən sistemdə oynamağa hazır idilər. Millidə işləmək bu tərzdə olmalıdır. Ona ümid bəsləyirəm ki, ən azından Santuş da Prosineçki kimi oyunçularımızı tez bir zamanda tanıyacaq, onları inandıra biləcək. Prosineçki “Real” və “Barselona”da oynamış dahi futbolçu olub. Bu cür insanların oyunçuları inandırması daha asan olur. Futbolçular bu cür adamlara daha tez inanırlar. Santuş da ulduzlarla işləyib. Ronaldo, Bruno Alveş, Bernardo Silva, Pepe kimi futbolçularla işləmiş məşqçiyə də bəlkə də daha tez inana bilərlər. İnanıram ki, bu istiqamətdə daha çox iş görəcək.

writer photo
Əlirza Əlirzalı
0