Azərbaycan Taekvondo Federasiyasında Avropa Oyunlarına yola düşən yığma komanda ilə görüş keçirilib.
ATF-dən apasport.az-a verilən məlumata görə, vitse-prezidentlər Hikmət Səmədov, Nağı Səfərov və Niyaməddin Paşayev III Avropa Oyunlarına yollanan milli komandanın üzvlərinə uğurlar arzulayıblar.
Yığmanın hazırkı durumu ilə maraqlanan ATF rəsmiləri Polşanın Krakov şəhərində keçiriləcək multi-idman yarışında taekvondoçularımızdan uğurlu çıxış gözlədiklərini bildiriblər. Vitse-prezidentlər Bakıdakı l Avropa Oyunlarında olduğu kimi, bu dəfə də yığmamızın azarkeşləri sevindirəcəyinə ümid etdiklərini deyiblər.
Kişi və qadınlardan ibarət komandalarımızın baş məşqçiləri, müvafiq olaraq, Məmməd Abdullayev və Sun Mi Park son təlim-məşq toplanışları, həmçinin taekvondoçuların durumu ilə bağlı məlumat veriblər. Krakov-2023-də ölkəmizi Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcəklər.
Qeyd edək ki, Avropa Oyunlarında taekvondo yarışları cari ilin iyun ayının 23-dən 26-dək keçiriləcək.
ATF rəhbərliyi Avropa Oyunlarına yollanan yığma ilə görüşdü
20.06.2023 - 22:21
0
0