Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyində 1/4 final mərhələsi başa çatıb.
Apasport.az saytının məlumatına görə, 28 ölkədən 378 idmançının qatıldığı yarışda Azərbaycan millisinin daha iki idmançısı yarımfinalda iştirak hüququ qazanıb.
Yığma üzvü Sübhan Babayev (44 kq) Emanuel Kioabadan (Rumıniya) sonra gürcüstanlı Tsotne Muntçavadan da güclü olub. O, bu görüşü vaxtından əvvəl hesabına yazıb. Boksçumuz ikinci raundda tam üstünlüklə qələbə qazanıb. Bununla özü üçün ən azı bürünc medalı təmin edən Babayev 1/2 finalda Georgi Ralfla (İngiltərə) üz-üzə gələcək.
Bağır Əlimxanlı (46 kq) Oskaras Pliauqanı (Litva) mübarizədən kənarlaşdırdıqdan sonra 1/4 finalda ukraynalı Starik İllya ilə qarşılaşıb. O, rəqibini 5:0 (30:27, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. Artıq özü üçün bürünc medalı təmin edən Əlimxanlı yarımfinalda Mixael Xamesi (İngiltərə) sınağa çəkəcək.
Əli Məmişov (70 kq) isə adını finala yazdırıb. Orestas Staponkus (Litva) və Niko Qoretaya (Xorvatiya) qalib gələn idmançı yarımfinalda yunanıstanlı Nikalaos Bliatzeni də məğlub edib. Təmsilçimiz 3:2 (28:29, 29:28, 29:28, 29:28, 27:30) hesablı qələbə sayəsində həlledici görüşə yüksəlib. O, çempionluq uğrunda Giorgi Biqvava (Gürcüstan) ilə qüvvəsini sınayacaq.
Əvvəlki mərhələlərdə macarıstanlı Roland Banqo və bolqarıstanlı Stiliyan Georgiyevə qalib gələn Kənan Aslanlı (60 kq) isə yunanıstanlı Petros Topalosla qarşılaşıb. Rəqib mərhələ adladığından idmançımız bürünc medalla kifayətlənib.
Onlardan fərqli, İsmayıl Vəliyev (63 kq) medalın bir addımlığında büdrəyib.
Qeyd edək ki, daha öncə Banuçiçək Nəsirli (44 kq) də Avropa birinciliyinin yarımfinalında iştirak hüququ qazanıb. Birincilikdə qaliblər avqustun 20-də bəlli olacaq.