Ayxan Abbasov: "Günahı özümüzdə axtarmalıyıq"
28.04.2024 - 20:18
Ayxan Abbasov: "Günahı özümüzdə axtarmalıyıq"

"Xal qazanmaq istəyirdik. Turnir cədvəli bunu tələb edirdi. Mövsümün sonu gəldikdə, gərginlik artır, futbolçuların ustalığı ön plana çıxır. "Neftçi" bizə ustalıq sayəsində qalib gəldi. Buraxdığımız qollar istəmədiyimiz dəqiqələrdə oldu. Oyuna yaxşı başlamışdıq, hücumlar edirdik, topa sahib idik. "Neftçi" birinci imkandan istifadə etdi, daha sonra penalti qərarı...Rahat penalti qazandılar. Birinci hissənin sonundakı epizodumuz qol olsaydı, daha motivasiyalı oynayardıq. Qırmızı vərəqə matçın taleyini həll etdi. 10 nəfərlə “Neftçi”yə qarşı oynamaq ikiqat çətin idi. Xal ehtiyatımızı artırmağa çalışacağıq ki, mövsümü istədiyimiz yerdə bitirək. Bu mövsüm bizim üçün təcrübə oldu. Hansı məqamlara görə istədiyimizi ala bilmədiyimizi təhlil edəcəyik".

Apasport.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 32-ci turunda "Neftçi"yə qarşı oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb:

- "Turan Tovuz" daha çox müdafiədə intizamlı oyunu ilə diqqət çəksə də, həm ötən turdakı "Sumqayıt", həm də "Neftçi" ilə görüşdə müdafiənizdə xaos sezilirdi. Bu nə ilə bağlı idi?

- Son oyunlarda istəmədiyimiz zədələr oldu. Amma problemlərdən danışmaq istəmirəm, bəhanə kimi çıxar. "Sumqayıt"la matçda da itkilərimiz var idi, dayaq yarımmüdafiəçimiz olmadı. Bunlar da bizim üçün imtahan oldu ki, heyəti geniş tutmaq lazımdır. Mövsüm boyu yaxşı oyunlarımız, səhvlərimiz də olur. İki oyundur ki, müdafiədə kobud fərdi səhvlər edirik. Bu da bizə baha başa gəldi.

- Azarkeşlər bir çox epizodlara görə etiraz edirdi. Sizcə, "Turan Tovuz" öz səhvlərindən uduzdu, yoxsa hakim səhvlərinə görə?

- Məğlub olmuşuqsa, ilk növbədə özümüzdə günah axtarmalıyıq. Birinci və ikinci dövrədə bizə qarşı bundan da böyük səhvlər olmuşdu. Bu gün bu haqda danışmayaq. Gələcəyə baxmaq lazımdır. Sadəcə elə qırmızı vərəqə almaq olmaz.

writer photo
Əlirza Əlirzalı
0