"Qəbələ"nin belçikalı legioneri Ayyub Allaşın apasport.az saytına müsahibəsi
- "Qəbələ" hesabat turunda "Zirə"ni məğlub edərək dördüncü pilləyə yüksəldi. Bu barədə fikrin necədir?
- Bəli, dördüncü pillədə olduğumuza görə şadam. Amma hələ heç nə bitməyib, mübarizə davam edir, dayanmaq olmaz. Biz konsentrasiyamızı qoruyaraq, “Neftçi” ilə görüşü düşünməliyik. Artıq bu matçın hazırlıqlarını davam etdirib, oyunu düşünürük.
- Səncə, komandanın dördüncü pillədə qalmağa gücü çatacaq?
- Komandama çox inanıram. Hər halda, biz elə-belə yerə bura gəlməmişik. Dördüncü pillədəki mövqeyimizi saxlamaq üçün gücümüz də var. Niyə də olmasın? Çünki yaxşı komandayıq.
- Premyer Liqada növbəti görüşünüzü "Neftçi"yə qarşı keçirəcəksiz. Bu matç və rəqibiniz barədə hansı fikirdəsən? “Neftçi”də ən təhlükəli futbolçu kimdir?
- Oyunun çətin olacağını bilirik. Amma biz “Sabah”la görüşdə də göstərdik ki, asan rəqib deyilik və bizi məğlub etmək asan deyil. Doğrudur, “Neftçi” də yaxşı komandadır və çempionatda bizdən bir pillə yuxarıdadır. İstənilən halda, mən bu görüşdə komandaların şanslarını 50/50-ə olduğunu düşünürəm. Mənə görə ən yaxşı oyunçu yoxdur. Çünki qalib gəlirsizsə, komanda kimi qalib gəlirsiz, uduzanda da eyni. Ona görə mən daha çox kollektivin nə etdiyinə önəm verirəm.
- Ən yaxın dostlarından biri "Neftçi"nin sabiq futbolçusu Sabir Buqrindir. Azərbaycana gəldikdən sonra onunla danışırsan?
- Bəli, Sabir Buqrin mənim ən yaxşı dostlarımdan biridir. Onunla tez-tez danışırıq, münasibətimiz gözəldir. Sabir mənə “Neftçi” ilə qarşılaşacağımızı bildirdi. Yəni, hər şeydən xəbərdardır, oyunlarımı izləyir. O, mənə inanır. Necə olacağını oyun göstərəcək.
- "Qəbələ" ölkə kubokunu qazanmaq şansına da sahibdir. Həm dördüncü pilləni tutub, həm də ölkə kubokunu qazanmağı özünüz üçün real hesab edirsən?
- Bəli, “Qəbələ”ni çox güclü hesab edirəm. Çünki yaxşı məşqçilər heyəti və komandamız var. Bu, bizə həm dördüncü pillədə qalıb, həm də kuboku qazanmağa kömək ola bilər. Ancaq hələ heç nə bitməyib. Diqqətimizi cəmləyərək, oyundan-oyuna düşünməliyik.
- "Qəbələ"ni Azərbaycandakı karyeranda özün üçün maksimum hesab edirsən, yoxsa "Qarabağ" və ya "Neftçi" kimi komandaların birində oynamaq məqsədin var?
- Özümə çox güvənirəm. Bəli, “Qarabağ” və ya “Neftçi”də oynayacaq gücüm var. Gələn mövsüm necə olacağını birlikdə görəcəyik. Ancaq hazırda bütün diqqətimi “Qəbələ”dəki çıxışıma yönəltmişəm. Bu komandadakı oyunlarımı başa vurduqdan sonra gələn mövsüm üçün hansı qərarı verəcəyimi görəcəksiz. Hazırda yalnız “Qəbələ”ni düşünürəm və komanda üçün əlimdən gələni etməyə çalışıram.