Birinci divizionda çempionu olan "Araz Naxçıvan"ın baş məşqçisi Azər Bağırovun apasport.az saytına müsahibəsi
- Komanda artıq çempionluğunu rəsmiləşdirib. Mövsümdə hər şeyin istədiyiniz kimi alındığını demək olar?
- Çempionat istədiyimiz kimi başladığı, startı yaxşı götürdük. Sonra isə böyük “ammalar” ortaya çıxdı. İstədiyimiz cavan oyunçuları tapa bilmirdik. 2002-ci il təvəllüddən aşağı futbolçular demək olar ki, bizə qoşulmadılar. Faktiki olaraq, öz klublarında ehtiyatda oturan futbolçular təkliflərimizi qəbul etdi. Bir az o sarıdan problemlərimiz oldu. Amma “Araz Naxçıvan”a gələnlər döyüşkən olduqlarını göstərdilər. Həmin uşaqlara start heyətində yer verdim və peşman da olmadım.
- "Araz Naxçıvan"ın yeni mövsümdən Premyer Liqada oynayacağını dəqiq demək olar? Çünki son illərdə birinci divizionda çempion olan komandalar yüksək liqaya buraxılmayıb...
- Bu, ikinci plandır. Əsas məqsəd, məsələ işimizi əsl peşəkarcasına yerinə yetirməkdir. Bu, çox zövq verir. Komandamız Premyer Liqaya yüksələrsə, əziyyətimizin yerdə qalmaması kimi əyani sübut olar. Bu il komandamız divizionda çempion oldu. İnanıram ki, Premyer Liqaya da yüksələrək sözümüzü deyə bilərik.
- Premyer Liqaya buraxılsanız, yeni mövsüm oyunlarınızı Naxçıvanda keçirəcəksiniz?
- Gələn ildən oyunlarımızı Naxçıvanda planlaşdırırıq. Süni örtüklü meydançamız da olacaq. Bu da sırf Naxçıvanın iqlimindən asılıdır. 20 ilə yaxındır ki, burada böyük futbol yox dərəcəsindədir. Futbolun olmaması həmin infrastrukturun dağılmasına gətirib çıxarır. Bu günləri nə qədər desək də, hər şey idealdır, belə deyil. Klubumuzun prezidenti Vüqar Abbasovun dəstəyi ilə hər şeyi sıfırdan yaratmışıq. Aşağı yaş qruplarında da işlərimizi görəcəyik və bir neçə ildən sonra bütün meydançalarımız təbii ot olacaq. Planlarımız böyükdür, zaman hər şeyi öz yerinə qoyacaq.
- Əgər Premyer Liqada oynayası olsaz, komandanı siz çalışdıracaqsız? Bununla bağlı rəhbərliklə görüşmüsüz?
- İlk gündən planlarımız Premyer Liqa üçün olub. Bu günə qədər də, mənə etimad göstəriblər. Hər işdə onların etimadını doğrultmuşam. İnanıram ki, Premyer Liqada da sözümüzü deyəcəyik və "Araz Naxçıvan"ın öz dəst-xəttini yaxşı tərəfdən göstərəcəyik.
- Bəs hazırkı heyətdən komandada kimlər qalacaq?
- Bugünkü heyətimizdən də Premyer Liqada komandamıza dəstək göstərəcək futbolçular olacaq. Bunun üçün son turları daha çox çalışmalıdırlar. "Şamaxı" göstərdi ki, Azərbaycanda yetəri qədər cavan, perspektivli futbolçular var. Mən də bu fikirdəyəm. Bəzi futbolçuları da biz gələn il Azərbaycan futboluna qazandıra biləcəyik.
- Yeni mövsümdən "Araz Naxçıvan"ın yüksək liqadakı məqsədi nədən ibarət olacaq? Yəqin ki, birdən-birə avrokuboklar üçün oynamayacaqsız, yoxsa elə gələn kimi iddialı olacaqsız?
- İddiamız həmişə var. Çalışacağıq ki , iddiamızı da yaxşı tərəfdən göstərək. Amma realist olmaq lazımdır. Uzun illərdir ki, Naxçıvanda böyük futbol yoxdur. Biz də düşünürük ki, hər şeyi addım-addım edək ki, bu, daha çox davamlı olsun. "Qarabağ" sistemi bu yolda bizim üçün örnəkdir. Qurban Qurbanovun neçə illərdir "Qarabağ"ın inkişafında nə qədər əməyi var, nə qədər zaman sərf edir. Biz də istəyirik ki, belə sistem ortaya qoyaq. Yavaş-yavaş infrastrukturu, "altyapı"nı düzəldək və ondan sonra avrokuboklar üçün mübarizəyə qoşulaq.
- "Araz Naxçıvan"da legionerlərlə bağlı plan necədir?
- Komandamızda əcnəbilər olacaq. Yaxşı komanda formalaşdıracağıq. Türkiyədən, bizə yaxın olan ölkələrdən, keçmiş potsovet ölkələrindən futbolçular dəvət etmək fikrindəyik.
- Premyer Liqaya kənardan baxdınız. Necə düşünürsüz, burada mübarizə aparmaq, tab gətirmək mümkündür?
- Bəzi planlarımız var və onlar üzərində çalışırıq. Premyer Liqaya kənardan elə də baxmamışam. İlyarım əvvəl "Keşlə"də (indiki "Şamaxı") Azərbaycan kubokunu qazanmışam. Köməkçi məşqçi kimi orada işin içində olmuşam, hər şeyi hiss etmişəm. Bundan əvvəl "Qəbələ"də Elmar Baxşıyevin köməkçisi idim. Məncə, zaman bizim artıq lehimizə işləyəcək. Premyer Liqa üçün yaxşı kollektiv formalaşdırıb, öz sözümüzü də yaxşı tərəfdən söyləyəcəyik.