Misli Premyer Liqasının XIV turunun "Neftçi" - "Araz-Naxçıvan" oyunundan sonra qonaq komandanın baş məşqçisi Azər Bağırovun iştirakı ilə mətbuat konfransı təşkil olunub.
Apasport.az xəbər verir ki, Bağırov əvvəlcə oyun haqqında fikirlərini bildirib. Ardından jurnalistlərin suallarını cavablandırıb.
"İki fərqli hissə düşünmüşdük. Birincisi müdafiədən əks-hücumlara keçid idi, ikinci yarıda daha çox hücumda olmaq istəyirdik. Künc zərbəsindən, bir anlıq anlaşılmazlıqdan qol buraxdıq. Uşaqlara əhsən düşür. İki oyunda da uduzduqdan sonra toparlandılar və "Neftçi"yə qarşı mübarizə apardılar. Mənim üçün 1:1 hesabı qələbəyə bərabər idi".
- "Araz-Naxçıvan" zəif komandalarla oyunlarda daha çox xal itirir, güclülərlə əksinə...
- "Sumqayıt"la oyunu analiz etdik və gördük ki, boşluqlarımız var. Bu da çox güman ki, "Qarabağ"a qarşı mübarizədən irəli gəlmişdi. "Kəpəz"lə oyunda ilk 15-20 dəqiqədə 2-3 qol epizodumuz oldu. Onlardan yararlana bilmədik. Yoxsa, "Kəpəz"lə matçda da uşaqlardan razı idim. Elə komandayıq ki, hardasa boşluqlarımız olacaq. Çünki yeni yığılmış komandayıq. Gözlənilənin əksini ortaya qoymuşuq. Bunların da öhdəsindən gəlməliyik. Şanslarımızdan maksimum istifadə etməliyik ki, arxada daha rahat oynayaq. Hər şey səhvlərin üzərində qurulub.
- Rəhbərliklə bağlı problemlər var? Sizin də narazılığınız var...
- Problemlərdən danışan adam deyiləm, özüm həll edəcəm. Problemlər hər yerdə var. Maddi, texniki tərəfdən problemləri arxada qoymaq lazımdır. Bir yerdə işləyirsənsə, baş verən problemdən kənarda danışmaq peşəkarlığımıza sığmaz. Maddi məsələlərdə hər şey qaydasındadır.
- Milli komandamız haqda fikriniz necədir? Azərbaycan yığmasına kimin gəlməsini istəyərdiz? Sizə təklif olsa, işləyərdiz?
- Bu barədə danışmaq istəməzdim. Rəhbərlik var, bizlik qərar deyil. Hər bir azərbaycanlıya belə post verilərsə, onu canla-başla qəbul etməlidir və bacardıqca inkişaf etdirməlidir. Yerdə qalan şeylər bizim çərçivəmiz deyil. Hər şey burda həll olunmur.
- Dönüş nöqtəsi bu oyun oldu?
- "Kəpəz"lə də pis oynamadıq. Eniş hardasa olmalıdır. "Kəpəz"lə matçda futbolçulardan razı qaldım. Uşaqların hamısı bu gün 10 km-dən çox qaçıblar. Bu da Avropa göstəricilərinə bərabərdir.
- Orxan Əliyev müxtəlif mövqelərdə oynayıb. Onu mərkəz hücumçusu kimi oynadırsız...
- Futbolçunun bədən dili var. Cinahda oynayan futbolçu daha cəld olmalıdır. Orxanda bu yoxdur. Onu arxaya çəksəm, hücumda kimi oynadacam?!
- Meydana daxil olandan sonra oyunun son 5-10 dəqiqəsinə qədər komanda yoldaşları onu topsuz qoydu. Komanda yoldaşları ona güvənmir?
- İlk onbirliyin futbolçusudur. Komanda yoldaşları ilə münasibəti idealdır. Neçə milyonluq "Neftçi" yə qarşı oynayırdıq. Meydanda kiməsə etiraz etmək sadəcə emosiyadır. Futbolda mənim kimi səbirli dayanmaq olmur.
- Ədalətli nəticə 1:1 idi?
- Məğlub da ola bilərdik. Demirəm ki, udmalıyıq. Bu gün qədərimizdə 1:1 hesabı idi. Uda da bilərdik. Daha tez qol vursaydıq, belə olardı. Geri çəkilmək fikrim yox idi. Meydana qələbə qazanmaq üçün çxımışdıq.