Dünən və bu gün paytaxtımız gimnastika üzrə ilin ilk beynəlxalq yarışına, batut gimnastikası üzrə Dünya Kubokuna ev sahibliyi edib.
Apasport.az xəbər verir ki, ölkəmizdə bu növ üzrə 6-cı dəfədir, təşkil olunan Dünya Kubokunda Azərbaycanla yanaşı, 15 ölkədən 62 gimnast fərdi və sinxron proqramda çıxış edib.
Yarış təmsilçimiz Selcan Mahsudovanın uğurlu çıxış ilə yadda qalıb. Təsnifat mərhələsini özünəinamlı çıxışı ilə 3-cü pillədə başa vurararaq finala yüksələn idmançımız həlledici mərhələdə hakimlərdən 53.510 xal toplayaraq bürünc medala layiq görülüb.
Xatırladaq ki, idmançımız ötən il ölkəmizdə keçirilən Dünya Kubokunda gümüş medala layiq görülmüş və Azərbaycan batut gimnastikası tarixində qadınlar arasında fərdi növdə ilk medala sahib çıxmışdı.
Braziliya təmsilçiləri Alis Qomis (qadınlar arasında), Rayan Dutra (kişilər arasında) icra üzrə ən yüksək xal toplayaraq “AGF Trophy” kubokuna sahib olublar.
Qadınlar arasında sinxron batut proqramı üzrə Braziliya komandası 46.340 xalla 1-ci, Ukrayna cütlüyü 46.010 xalla 2-ci, ABŞ-2 komandası isə 44.500 xalla üçüncü pillədə qərarlaşıb.
Kişilər arasında sinxron batut proqramı üzrə Qazaxıstan-1 komandası 51.940 xalla 1-ci, Almaniya komandası 51.080 xalla 2-ci, Portuqaliya komandası isə 50.730 xalla 3-cü olub.