Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında daha bir idmançımız diskvalifikasiya olunub.
Apasport.az-ın məlumatına görə, inquş əsilli sərbəst güləşçimiz Vahid Qalayev (125 kq) yarımfinalda Solomon Manaşviliyə tuşe xalı ilə uduzub.
Bununla belə, Qalayev əsəblərini cilovlaya bilməyərək rəqibi ilə dalaşıb. Bu səbəbdən hər 2 idmançı diskvalifikasiya olunub.
Ona görə də Solomon Manaşvili final, Vahid Qalayev isə bürünc medal görüşünə çıxmayacaq. Bu çəkidə Bolqarıstan güləşçisi Qeorqi İvanov avtomatik Avropa çempionu elan ediləcək.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçimiz Rəhim Həsənov (55 kq) 1/4 finalda Karapet Manvelyana (Ermənistan) 1:7 hesabı ilə uduzsa da, görüşdən sonra onu vurduğu üçün diskvalifikasiya edilmişdi.