Azərbaycan millisi 1-ci səbətdə
01.07.2022 - 09:14
Azərbaycan millisi 1-ci səbətdə

İyulun 7-də futzal üzrə DÇ-2024-ün Avropa zonası üzrə əsas seçmə mərhələsinin püşkü atılacaq.

Apasport.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan millisi mübarizəyə bu mərhələdən start verəcək.

Komandalar artıq səbətlərə bölünüb. Reytinq cədvəlində 7-ci pillədə məskunlaşan yığmamız 1-ci səbətdə yer alıb.

1-ci səbət: Portuqaliya (son qalib), İspaniya, Qazaxıstan, Xorvatiya, Serbiya, Azərbaycan, Ukrayna, İtaliya, Çexiya, Gürcüstan, Finlandiya, Slovakiya
2-ci səbət: Sloveniya, Bosniya və Herseqovina, Polşa, Rumıniya, Niderland, Belarus, Macarıstan, Fransa, Belçika, Latviya, Şimali Makedoniya, Moldova
3-cü səbət:  Monteneqro, Kosovo, Norveç, Danimarka, İsveç, Ermənistan, Almaniya, Yunanıstan, İsrail, Kipr, Litva, Avstriya

Oyun günləri
12-21 sentyabr
3-12 oktyabr 2022
6-9 noyabr 2022
27 fevral – 8 mart 2023-cü il

Əsas mərhələdə 36 komanda iştirak edəcək. Komandalar hər birində 3 iştirakçı olmaqla 12 qrupa səpələnəcək. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ikinci pillədə yer alan komandalar arasında ən yaxşı göstəriciyə malik 4 milli birbaşa elit-raunda yüksələcək. Qalan 8 qrup ikincisi isə pley-off oyunlarında üz-üzə gələcək.

2023-cü il martın 10-da pley-off cütlükləri müəyyənləşəcək, oyunlar isə təxminən bir ay sonra – 10-19 apreldə keçiriləcək. Ev-səfər matçlarının yekununda üstün olan 4 yığma elit raunda yollanacaq.

Elit-raundun püşkü 2023-cü il iyulun 5-də atılacaq, həmin il dekabrın 20-dək qrup matçları yekunlaşdırılacaq. 20 komanda 5 qrupda yarışacaq. Hər qrupda 4 komanda ev-səfər olmaqla mübarizə aparacaq. Qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik 4 “ikinci” isə pley-off oyununda iştirak edəcək. Əgər final mərhələsinə ev sahibliyi Avropa ölkələrindən birinə verilsə, o zaman pley-off mərhələsinə ən yaxşı göstəriciyə malik 2 “ikinci” vəsiqə qazanacaq. Elit raundun pley-off oyunlarının püşkü 2024-cü il 25 yanvarda, oyunları isə 8-17 aprel tarixlərində keçiriləcək.

Qeyd edək ki, Rusiya millisinin FİFA və UEFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılması ilkin mərhələdə ən yaxşı nəticəyə malik 3-cü pillənin sahibi Norveçə əsas mərhələdə iştirak etmək hüququ yaradıb. Onu da əlavə edək ki, UEFA İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan və Ermənistan milli komandaları eyni qrupda yer ala bilməz.
 

writer photo
Əlirza Əlirzalı
0