Bu gün Bakıda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının 17-ci Plenar Assambleyası təşkil edilib.
Apasport.az xəbər verir ki, ölkəmizdə ilk dəfə baş tutan tədbirdə 24 ölkədən 60-a yaxın nümayəndə iştirak edib.
Tədbirdə ilk olaraq Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın assambleya iştirakçılarına videomüraciəti təqdim olunub.
Daha sonra tədbirdə çıxış edən Azərbaycan Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Florian Zenqstşmid son illər ölkəmizdə qış idman növlərinin inkişafı, lazımi infrastrukturun yaradılması, yerli idmançıların formalaşdırılması, o cümlədən insanların qış idman növlərinə marağının artırılması istiqamətində həm dövlət, həm də Federasiya tərəfindən əhəmiyyətli işlərin görüldüyünü və bu sahəyə xüsusi diqqət ayrıldığını bildirib. O, cari ilin mart ayında Azərbaycanda Xizək alpinizmi üzrə beynəlxalq seriya yarışının keçirilməsinin, buz meydançasının açılmasının, həmçinin ilkin mərhələdə bir sıra qış idman növlərinin istifadəyə verilməsinin bu sahənin inkişafının bariz nümunəsi olduğunu qeyd edib.
Florian Zenqstşmid 2025 ilin yanvar ayında “Şahdağ” Turizm Mərkəzində keçiriləcək Xizək Alpinizmi üzrə Dünya Kubokunun ən yüksək səviyyədə təşkili ilə bağlı müvafiq işlərin aparıldığını və yamacların yarışın keçirilməsi üçün hazır vəziyyətə gətirildiyini diqqətə çatdırıb.
Görüşdə çıxış edən Beynəlxalq Xizək Alpinizmi Federasiyasının prezidenti Regula Meier Azərbaycanda xizək idman növlərinə marağın artmasını və beynəlxalq standartlara cavab verən yamacların və infrastruktun yaradılmasını yüksək qiymətləndirib. Regula Meier Beynəlxalq Federasiyanın gələcəkdə də Avropa və Dünya Çempionatları kimi irimiqyaslı yarışların Azərbaycanda keçirilməsinə hazır olduğunu bildirib.
Assambleyada aparılan müzakirələr zamanı Beynəlxalq Xizək Alpinizmi Federasiyası tərəfindən il ərzində həyata keçirilən tədbirlər, qarşıda duran hədəflər və nəzərdə tutulan layihələr haqqında məlumat verilib, yeni üzvlər qəbul edilib.